Fitnəkarlıq, yaxud ermənilərin “günahsız” hoqqabazlığı

14 Oktyabr 2010 10:35 (UTC+04:00)

Ermənistan hakimiyyətinin illərlə xalqa aşıladığı "Böyük Ermənistan" xülyası artıq millətin şüuruna möhkəm həkk olub. SİA-nın məlumatına görə, erməni xalqının böyüklüyü, qədimliyi, misilsizliyi və əzabkeşliyi ilə bağlı bu ideyalar sayca çox da böyük olmayan xalqın nümayəndələrinin ağlına və qəlbinə hakim kəsilib. Görünür, bu ideya onlara milli özünüdərk prosesində və dünyanın böyük xalqları arasında öz yerini tapmaqda kömək edir. Lakin "böyüklük" ideyası bəzən çox qəribə şəkildə həyata keçirilir.

Məsələn, Moskvanın mərkəzində, Tver küçəsindəki "Ermənistan" ərzaq dükanının girişində üstündə "dənizdən dənizə" Ermənistan xülyasını əks etdirən xəritə çəkilmiş qapı peyda olub. Məşhur Puşkin meydanının yaxınlığındakı uzun müddət təmirə bağlanmış mağazaya bu qapını təzə qoyublar. Bircə belə bir tapmacanı tapmaq qalır ki, bu, başqa dövlətin ərazisində siyasi fitnədir, yoxsa mağaza sahiblərinin "günahsız" hoqqabazlığı.