F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə AMEA-nın Folklor İnstitutunun birgə layihəsi olan “Qarabağ lətifələri” adlı təbliğat xarakterli nəşrin təqdimatı keçirilib.
SİA-nın məlumatına görə, təqdimatda F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev, baş elmi işçi Aynurə Xudanlı, sektor müdiri İrina Özçoban, metodist Əkbər Rüstəmov, Misir Mədəniyyət mərkəzinin rəhbəri Əhməd Sami Elaydi, AMEA Folklor İnstitutunun, Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə, rəssam İlqar Mehdiyev çıxış ediblər.
Bildiriblər ki, açıqcalarda verilmiş lətifələr Qarabağ sakinlərinin isti ocaqlarından didərgin düşdükdən sonra 2012-2015-ci illərdə AMEA Folklor İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin birgə təşkil etdiyi folklor ezamiyyələri zamanı toplanıb. Açıqcalardakı cizgilərin hamısı lətifələrə uyğun şəkildə çəkilib. Bir daha vurğulanıb ki, toplunun hazırlanmasında məqsəd Qarabağın nə qədər zəngin folklora sahib olduğunu bir daha diqqətə çatdırmaq, Qarabağ ərazisinin hər bir qarışında azərbaycan xalqının izi olduğunu folklor nümunələri ilə əsaslı şəkildə sübut etməkdən ibarətdir.
Növbəti hədəf isə ümumtəhsil orta məktəblərinin şagirdlərində qeyri-maddi mədəni irsimizə, milli adət ənənələrimizə, tarixi abidələrimizin qorunmasına və təbliğ edilməsinə, ümumilikdə milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik hisslərinin güclənməsi və aşılanmasıdır.
Tədbirin sonunda məktəbli oxucular arasında Qarabağ mövzulu suallardan ibarət viktorina keçirilib. Qaliblər hədiyyələrlə mükafatlandırılıb.