Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Kim Çanq-gyunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Gəncə RİH-dən SİA-ya verilən məlumata görə, səfiri salamlayan icra hakimiyyətinin başçısı Azərbaycanın ikinci böyük şəhəri Gəncənin sənaye potensialı, mədəniyyəti, şəhərdə aparılan abadlıq-quruculuq işləri və yeni layihələr haqqında məlumat verib.
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Kim Çanq-gyu səmimi qarşılandıqlarına görə öz minnətdarlığını bildirib. Nizami yurdunda sənayedə olan dinamiklikdən söz açan səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə qarşılıqlı əməkdaşlıq, yüksək texnologiyalar, sənaye, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.
Bildirək ki, Gəncəyə səfəri çərçivəsində nümayəndə heyəti Gəncənin gəzməli-görməli yerlərinə də səfər edib, xoş təəssüratlarını dilə gətiriblər.