2018-ci ilin dövlət büdcəsi milli və dövlətçilik maraqlarını tam əhatə edir

4 Dekabr 2017 11:41 (UTC+04:00)

Məlum olduğu kimi, Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi olub. Müzakirə zamanı qeyd olunub ki, büdcə zərfinə daxil olan sənədlər ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri əks etdirir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, eləcə də, biznes mühitinin yaxşılaşdırılması, infrastrukturun inkişaf etdirilməsi, maliyyə bazarının təkmilləşdirilməsi və digər sahələrdə həyata keçirilən tədbirlər iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artmasına gətirib çıxarıb.

Sözügedən məsələ ilə bağlı "Səs" qəzetinə açıqlama verən millət vəkilləri bildiriblər ki, 2018-ci ilin dövlət büdcəsi iqtisadiyyata investisiya qoyuluşunun daha da artırılmasına, kənd təsərrüfatının stimullaşdırılmasına, milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsinə imkan yaradacaq.

İsa Həbibbəyli : "Bu real büdcədir və Azərbaycanın hərtərəfli inkişafına müsbət təsir göstərəcəkdir"

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, 2018-ci ilin dövlət büdcəsi iqtisadi proqnozlarının optimal reallaşdırılması layihəsidir: "Milli Məclisin müzakirə edib təsdiq etdiyi dövlət büdcəsi qanunun bu il, ilk dəfə olaraq, elmə ayrılan vəsaitlərinin həcmi artmışdır. Bunun əsas səbəbi ölkəmizin Prezidenti İlham Əliyevin müstəqil Azərbaycan Respublikasında cəmiyyət quruculuğunun bütün sahələrində elm faktorunun daha geniş yer tutması ilə əlaqədardır. Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyindəki proqram xarakterli nitqində Azərbaycan alimlərinin, ümumiyyətlə, akademik elmin cəmiyyətin qurulmasında daha fəal iştirak etməsi vəzifəsini elm adamları qarşısında mərkəzi bir tapşırıq kimi qoymuşdur. 2018-ci il dövlət büdcəsindən elm sahəsinə bu il nəzərə çarpacaq dərəcədə vəsaitin ayrılması, məhz ölkə başçısı İlham Əliyevin elmə və təhsilə olan diqqətinin göstəricisidir".

Komitə sədri bildirib ki, xüsusən, büdcə zərflərindəki təhlilərdə ayrılan vəsait təhsildəki islahatların həyata keçirilməsinə yönəlib: "İlk dəfə olaraq, bu il ali məktəb konsultaslarının inkişaf etdirilməsinə ayrılan vəsait bunu sübut edir. Bu isə, ali məktəblərin dünya standartları səviyyəsinə qaldırılmasına gətirib çıxaracaq. Təhsil sahəsinə ayrılan vəsait məktəbəqədər və peşə təhsilinin daha da yüksəldilməsini və ölkəmizdə olan real elm sektorunun inkişafını təmin edəcəkdir. Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi, təhsil millətin gələcəyidir. Belə ki, bu sahəyə ayrılan vəsaitin 11,3 dəfə artması, məhz təhsilə və elm siyasətinə dövlətin diqqət və qayğısının göstəricisidir. Artıq akademiyada texnoparkın yaradılması və elmi mühitdə innovasiya və sahibkarlıq xarakterli işlərin miqyasının genişlənməsi ilə əlaqədardır. Bu artırılan vəsaitlər alimlərin innovativ təşəbbüslərinin qüvvətlənməsinə, elmdə sahibkarlıq fəaliyyətinin daha da artmasına və

texnoparkların inkişaf etməsinə sərf olunacaqdır. Məlumat üçün bildirmək istərdim ki, dövlət başçısının Sərəncamına əsasən, AMEA-da yaradılmış texnologiya parkı qısa müddətdə sürətlə inkişaf etməkdədir".

İ.Həbibbəyli, onu da vurğulayıb ki, bu real büdcədir və Azərbaycanın hərtərəfli inkişafına müsbət təsir göstərəcəkdir: "İctimaiyyətin rəyi nəzərə alınaraq, qanun layihəsindin 7,6 maddəsi tam şəkildə bərpa edilib. Maddəyə əsasən, məktəbəqədər təhsilin məzmunu nəticəyönümlük, şəxsiyyətyönümlük, uşaqyönümlük, inkişafyönümlük, tələbyönümlük, varislik, interaktivlik, millilik və dünyəvilik prinsipləri əsasında müəyən edilir".

Mahir Abbaszadə: "Dövlət büdcəsi sosialyönümlüdür"

Millət vəkili Mahir Abbaszadə Milli Məclisdə müzakirə olunan 2018-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin ölkə həyatında müşahidə olunan müsbət dinamik dəyişiklikləri əks etdirəcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, eləcə də, biznes mühitinin yaxşılaşdırılması, infrastrukturun inkişaf etdirilməsi, maliyyə bazarının təkmilləşdirilməsi və digər sahələrdə həyata keçirilən tədbirlər iqtisadiyyatımızın rəqabət qabiliyyətinin artmasına gətirib çıxarıb: "2018-ci ilin dövlət büdcəsi iqtisadiyyata investisiya qoyuluşunun daha da artırılmasına, kənd təsərrüfatının stimullaşdırılmasına, milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsinə imkan yaradacaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. Bu ilin əvvəlindən maaş və pensiyaların artırılması da bunu sübut edir. İqtisadi inkişafın yeni mərhələsi nəticəsində əldə olunan nəticələr dövlətin sosialyönümlü siyasətinin daha da gücləndirilməsinə imkan verəcək".

Depudat onu da bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş iqtisadi inkişaf strategiyası son illər dünya maliyyə-iqtisadi böhranı ilə əlaqədar ölkəmizdə makroiqtisadi sabitlik üçün yaranan təhlükələrin qarşısını almağa imkan verib. 2017-ci il ölkəmizin tarixində əlamətdar hadisələrlə yadda qalacaq. Bu hadisələrdən biri iki ay öncə "Azəri-Çıraq-Günəşli" neft və qaz yataqları blokunun işlənilməsinə dair Sazişin müddətinin 2050-ci ilədək uzadılması, digəri isə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı olub. Həmin layihələr Azərbaycanın gələcək siyasi və iqtisadi dayanıqlılığı üçün möhkəm zəmin yaradıb. Əhalinin yüksək rifahının təmin olunmasına yönəldilmiş konkret tədbirlər sistemi olan sosial siyasət, mürəkkəb struktura malik olmaqla, çoxcəhətli prosesdir. Bu siyasətin hər hansı bir göstəricisini əsas götürərək, bütövlükdə, cəmiyyətin inkişafı barədə fikir yürütmək olar. Hər bir cəmiyyət öz inkişafına uyğun olaraq, sosial siyasəti formalaşdırır və bu siyasətin həyata keçirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin edir. Baş verən ictimai-iqtisadi və digər inkişaf reallıqları sosial siyasətin məzmununun və mahiyyətinin zənginləşməsində böyük əhəmiyyət kəsb edir".

Rəfiqə Hüseynova