Gəlirlərə Nəzarət İndeksinə görə Azərbaycan: 9-cu yer

13 Oktyabr 2010 22:15 (UTC+04:00)

Gəlirlərə Nəzarət İnstitutu (GNİ) və Beynəlxalq Şəffaflıq (BŞ) təşkilatı hökümətin neft, qaz və mədən sənayesində idarəetməsinin açıqlığının ilk qiymətləndirilməsini təqdim edib. SİA-nın xəbərinə görə, əhəmiyyətli resurslar barədə detallı informasiyanı ictimaiyyət üçün daha geniş açıqladığı üçün 41 ölkə arasında Braziliya və Norveç ən yüksək pillədə yerləşib. Rusiya, Meksika və Çili müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerdə qərarlaşıb.

 

Təbii resursların əsas istehsalçıları arasında əsaslı müqayisəyə imkan verən Gəlirlərə Nəzarət İndeksinə görə Azərbaycan 9-cu yerdə qərarlaşıb. Türkmənistan isə Ekvatorial Qvineya və Konqo Demokratik Respublikasından sonra ən aşağı pilləni tutub.

 

56 səhifəlik hesabatda 41 ölkənin hökümətinin neft, qaz və digər faydalı qazıntıların işlənilməsi üçün əldə etdiyi gəlirlərin, kontraktların və digər bəsit məlumatların ictimaiyyətə açıqlanması müqayisə olunub. Qeyd edək ki, bütün bu ölkələrdə faydalı qazıntılar ictimai əmlakdır və gəlirlər vətəndaş adından hökümətə etibar edilərək idarə edilir.