MDB-nin humanitar universitetlərinin rektorlarının və humanitar fakültə dekanlarının I Forumunun ümumi iclası keçirilib-TƏDBİR
13 Oktyabr 2010 22:24 (UTC+04:00)
Müstəqil Dövlətlər Birliyinin (MDB) humanitar universitetlərinin rektorlarının və humanitar fakültə dekanlarının I Forumu bu gün də öz işini davam etdirib. SİA-nın xəbərinə görə, bu gün ölkəmizdə səfərdə olan forum iştirakçıları Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının uyuduqları Şəhidlər xiyabanını ziyarət ediblər.
Daha sonra forumun ümumi iclası keçirilib və müxtəlif mövzular üzrə məruzələr dinlənilib.
Tədbirdə çıxış edən təhsil naziri ilk öncə hər kəsi salamlayaraq forumun işinə uğurlar arzulayıb. Sonra M.Mərdanov Azərbaycanın təhsilinin inkişafı, bu sahədə həyata keçirilən yeniliklər və digər məsələlər barədə qonaqlara ətralı məlumat verib. O bildirib ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkənin bütün sahələrində olduğu kimi, təhsil sahəsində də ciddi irəliləyişlər başlayıb. Lakin ermənilərlə hərbi münaqişə zəmnində ölkənin 20 faiz torpağının işğal olunduğunu, 1 milyondan çox qaçqının öz yurdlarından qovulduğunu deyən nazir vurğulayıb ki, ermənilərin işğal etdikləri ərazilərdə 1000 təhsil müəssisəsi qalıb və hesablamalara görə, bu dövrdə təhsilə 60 milyard dollar ziyan dəyib.
"1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın iqtisadiyyatında yeni dinamik inkişaf başladı və bu gün bu siyaəsət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsil sistemində də mühüm irəliləyişlər əldə olunub. Dövlət başçısının təhsilə diqqət və qayğısı nəticəsində ölkədə son illərdə 2 min yeni məktəb tikilib, əsaslı təmir olunub və yeni avadanlıqlarla təchiz olunub. Yeni məktəb binalarının tikintisində Heydər Əliyev Fondunun fəaliyyətini də yüksək qiymətləndirmək olar. Belə ki, ötən dövr ərzində Heydər Əliyev Fondu tərəfindən 300-dən çox yeni məktəb tikilib, əaslı təmir olunub. Artıq ölkənin orta məktəblərində təhsil alan şagirdlər bütün lazımi dərsliklərlə təmin olunub. Ölkə məktəblərində yeni kurikulum sistemi tətbiq olunub, yeni qiymətləndirmə meyarları dəqiqləşib, təhsil müəssisələri lazımi İKT avadanlıqları ilə təmin olunub", – deyə o əlavə edib.
Ölkənin ali təhsil sistemində də uğurlu siyasətin həyata keçirildiyini deyən M.Mərdanov qeyd edib ki, cari il ali təhsil müəssiələrində yeni maliyyələşmə mexanizminə keçilib. Gənclərin xaricdə təhsil alması ilə əlaqədar mühüm addımların atıldığını deyən nazir hAzırda 10 mindən çox tələbənin dünyanın müxtəlif ölkələrində təhsil aldığını vurğulayıb: "Təhsil Nazirliyi təhsilin beynəlxalq aləmdə tanınması, inkişafı üçün mühüm addımlar atır və Rusiya, Qazaxıstan, Ukrayna, Belarus və digər bu kimi ölkələrlə əlaqələr yardır. İnanıram ki, bu forum MDB ölkələrinin universitetləri arasında əlaqələrin daha da möhkəmlənməsinə və inkişafına öz töhfəsini verəcək".
Tədbirin davamında mövzular üzrə məruzlərə dinlənilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.