"Yasamal Yaşayış Kompleksi ərazisindəki bütün yol kəsişmələrində pantusların və velosiped yollarının olması nəzərdə tutulub." Bu barədə jurnalistlərə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.
O bildirib: “Velosiped yolları ilə yanaşı, velosiped dayanacağları da şəhərcik ərazisində quraşdırılacaq. Layihəyə əsasən, 1,5 metr enində salınacaq velosiped yolunun uzunluğu 5 min 200 metr təşkil edəcək. Piyada keçidlərinin sayı 28, avtobus dayanacağı məntəqəsinin sayı isə 5 ədəddir”.
M.Ağayev əlavə edib ki, şəhərcikdə yaşayan insanların ictimai nəqliyyat vasitəsilə paytaxtın müxtəlif istiqamətlərdə rahat və maneəsiz gediş-gəlişini təmin etmək məqsədilə agentlik tərəfindən ilkin olaraq 4 marşrut xəttinin həmin yaşayış kompleksindən keçməsi nəzərdə tutulur: “İlkin mərhələdə bu avtobusların sayının 4 ədəd olması müəyyənləşdirilib. Gələcəkdə isə sərnişin axınına uyğun olaraq marşrut xətlərinin sayı artırıla bilər”.