Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatında hakim partiyanın şəhər və rayon təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. SİA-nın məlumatına görə, toplantıda Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini, İcra katibi Əli Əhmədov, İcra katibinin müavinləri - millət vəkili Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Kərim Kərimov, YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov və digərləri iştirak edib.
Toplantı qarşıdan gələn Prezident seçkiləri ilə bağlı təşkil olunub.
YAP-ın Sədr müavini deyib ki, digər toplantılarda olduğu kimi ənənəmizi davam etdirərək partiyadaxili məsələləri şəhər və rayon təşkilatlarının sədrlərinin ümumrespublika müşavirəsində müzakirə edirik: “Burada ötən dövr ərzindəki fəaliyyətə qiymət verilir, eləcə də qarşıda duran aylarla bağlı vəzifələr müəyyənləşdirilir, dəyərləndirilir və buna müvafiq də fəaliyyət göstərilir”.
Daha sonra müşavirə mətbuatın iştirakı olmadan davam etdirilib.