3-5 oktyabr 2010-cu il tarixlərində İspaniyanın Barselona şəhərində Beynəlxalq Ombudsmanlar İnstitutu (İOİ) tərəfindən "Avropa: açıq cəmiyyət" devizi altında təşkil edilmiş konfrans və bu institutun Baş Assambleyası keçirilib. Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, bu beynəlxalq tədbirlərə dünyanın müxtəlif ölkələrinin ombudsmanları və insan hüquqları sahəsində tanınmış ekspertlər qatılıblar.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu beynəlxalq tədbirlərdə iştirak edib.
E.Süleymanova bu sessiyada çıxış edərək, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra ölkə Prezidentinin Sərəncamı ilə adı çəkilən Konvensiyanın Fakültativ Protokolunda nəzərdə tutulmuş Milli Preventiv Mexanizm (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində Ombudsmanın müəyyən edildiyi, bunun Müvəkkilin işgəncələrlə mübarizə sahəsində apardığı fəaliyyətin daha da təkmilləşdirilməsinə imkan yaratdığını vurğulayıb.
Müvəkkil ATƏT-in təşkilatçılığı ilə Ombudsman Aparatının, o cümlədən Müvəkkilin milli preventiv mexanizm qrupunun üzvləri və regional mərkəzlərinin əməkdaşları üçün azadlıqdan məhrumetmə yerlərinin monitorinqi üzrə metodik təlimlərin keçirildiyini bildirib.
E.Süleymanova ölkəmizdə Ombudsman təsisatı, yeniliklər və müsbət təcrübə haqqında da konfrans iştirakçılarına məlumat verib. İştirakçılara Azərbaycan Ombudsman İnstitutunun müstəqil bir qurum kimi insan hüquqları sahəsində çoxşaxəli fəaliyyəti, Müvəkkilin ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, maarifləndirmə məqsədilə ölkəmizin hər bir rayonunda silsilə ictimai dinləmələr keçirməsi, onun təşəbbüsləri və iş təcrübəsi diqqətə çatdırılıb.
Ombudsman üzvü olduğu Beynəlxalq Ombudsmanlar İnstitutunun Baş Assambleyasının iclasında da iştirak edib. Burada bir sıra təşkilati məsələlər müzakirə olunmuş, həmçinin Norveçin və Polşanın ombudsmanları qurumun vitse-prezidentləri seçiliblər.