“Ümumiyyətlə, Azərbaycan və Ermənistan XİN başçılarının və prezidentlərinin görüşün baş tutması Rusiyadan asılıdır. Çünki, düşmən ölkə Rusiyanın təkidi ilə görüşə getmir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Rusiyanın Ermənistan üzərində tam nəzarətinin olduğu şübhəsizdir: “Ermənistan xarici siyasət təşəbbüslərindən tamamilə məhrum edilib və Rusiyanın quberniyasına çevrilib. Əslində Azərbaycan torpaqlarının işğaldan azad edilməsində də Rusiya həll edici mövqeyə malikdir. Rusiya isə vəziyyətin dondurulmuş şəkildə qalmasının tərəfdarıdır. Çünki neçə ildir ki, problemin həlinin gecikməsinin səbəblərindən biri elə Rusiyadır. Lakin son zamanlar Rusiya Qərbin təzyiqi, eləcə də öz iqtisadi vəziyyətinin ağırlaşması ucbatından problemin həlli istiqamətində müəyyən manevrlər etməyə başlayıb. Artıq qonşu ölkənin probleminin həllinə razı olması ilə bağlı bəyanatlar verdiyini də görürük. Hazırda Ermənistan tərəfindən də müəyyən güzəştlər haqqında fikirlər irəli sürülür. Lakin onların mahiyyəti haqqında heç nə söylənilmir. Ümumilikdə götürsək isə danışıqlar prosesində Rusiyanın “əli” var və işləyir. Xüsusən də erməni əsilli xarici işlər naziri Sergey Lavrov bu məsələdə daha fəaldır. O, açıq şəkildə ermənipərəst mövqe tutur ”.
Son dövrlər Rusiyanın problemin həlli istiqamətində müəyyən şərtlər irəli sürməsi ilə bağlı yazılanlara toxunan Q.Hüseynli söyləyib ki, yazılanlara əsasən ortada problemin həlli ilə bağlı 3 şərt var: “Hazırda şərtlərlə əlaqədar dəqiq bəyanat və ya mövqe ortada yoxdur. Lakin irəli sürülən şərtlər elədir ki, onların Azərbaycan tərəfindən həyata keçirilməsi də mümkün deyil. Azərbaycan hər zaman bildirib ki, yalnız Dağlıq Qarabağ münaqişəsi həll olunduqdan, Böyük Sülh sazişi imzalandıqdan sonra ölkəmiz Rusiya tərəfindən yaradılan birliklərə qoşulmaq barəsində öz fikrini bildirə bilər. Bundan başqa Azərbaycan nəinki Türkiyə, Rusiya, ümumiyyətlə yaxın dövlətlərin heç birinin sülhməramlı qüvvələrinin ölkə ərazisinə gəlməsinə isti baxmır. Ölkəmiz bununla bağlı da dəfələrlə bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra yalnız neytral dövlətlərin sülhməramlı qüvvələri gələ bilər”.
Politoloq qeyd edib ki, hazırda problemin həlli ilə bağlı müxtəlif mövqelər səsləndirilir: "Lakin bu təkliflərin həqiqətə uyğun olduğuna inanmıram. Çünki, bu mövqelər dəfələrlə Azərbaycan tərəfindən rədd edilib. Lakin həmin mövqelərin yenidən gündəmə gətirilməsi, təzyiqlə siyasi iradəyə təsir etmək cəhdlərinin olduğunu göstərir. Lakin Azərbaycan güclü dövlətdir və ölkəmizə zorla addım atdırmaq mümkün deyil. Azərbaycan BMT-nin 4 qətnaməsini və beynəlxalq hüquq normaları əsas götürməklə Dağlıq Qarabağ probleminin həllinə dair öz Konsepsiyasını hazırlayır. Bu konsepsiya əsasən yenilənmiş “Madrid prinsipləri” nə uyğun hazırlanır. Azərbaycan öz mövqeyindədir və kimin hansı fikrə düşməsindən asılı olmayaraq, mövqeyini dəyişmək niyyətində deyil”.
Q.Hüseynli əlavə edib ki, Rusiyanın diktələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları yalnız ləngidə bilər, ümumilikdə Azərbaycanın mövqeyinə təsir edə bilməz.