Bayrağımız qürur mənbəyimiz, mənliyimizdir

8 Noyabr 2017 18:33 (UTC+04:00)

Noyabrın 9-da Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir...

... Hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzləri müəyyən edir. Həmin rəmzlərdən biri də, sözsüz ki, bayraqdır. Bayraq bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən, parçadan hazırlanan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın simvol və anlamlı rəngləri, ümumiyyətlə dəyişilməzdir.

Hər rəng və simvol da bir özəl məna daşıyır. Bayraqlar ilk illərdə yalnız siqnallaşmaq üçün istifadə edilib. Ölkələrin özlərinə bayraq təyin etməsi isə döyüşlərdə tərəflərin bir-birilərini ayırd edə bilmələri üçün orta əsrlərdə ortaya çıxan bir faktdır. Hətta Kristofer Kolumb zamanında hər gəminin hansı ölkəyə mənsub olduğunu göstərən bir bayraq daşıması zəruri hesab olunub və bunun nəticəsində, günümüzdəki bayraq sistemi ortaya çıxıb. Müasir dövrdə isə bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur. Bayrağın təşkil olunduğu rənglər, onun üzərindəki rəmzlər xalqın hansı etnik mənsubiyyətə, mədəniyyətə, dinə sahib olduğunu, onun hansı amallar uğrunda mübarizə apardığını da göstərir. Biz azərbaycanlılar da xoşbəxtik ki, bizim də bayrağımız və güclü dövlətçiliyimiz var.

Məhz Azərbaycan bayrağı üzərindəki, göy, qırmızı və yaşıl rənglər, eyni zamanda, aypara və səkkizguşəli ulduz özündə ehtiva etdiyi mənalarla xalqımızın tarixi keçmişindən xəbər verir. Bu, bir həqiqətdir ki, əsrlər boyu Azərbaycan xalqı müstəqil dövlət qurmaq, onun atributlarını qoruyub-saxlamaq arzusunda olub. Lakin Azərbaycanın yerləşdiyi ərazinin geosiyasi əhəmiyyəti hər zaman böyük dövlətlərin bura olan marağını artırıb. Ona görə də, Azərbaycan uzun əsrlər boyu böyük dövlətlərin işğalına məruz qalıb, əsarət altında, məhz həmin güclərin bayraqları altında yaşamaq məcburiyyətində olub. Amma tarixinə, milli adət-ənənələrinə və zəngin mədəniyyətinə bağlılığı Azərbaycan xalqının dövlətçilik ənənələrinin məhv olmasına imkan veməyib. I Dünya müharibəsindən sonra xalqımız müstəqil dövlət formalaşdırmaq şansı əldə edib və dövlətçilik ənənələrinin yaşadılması istiqamətində tarixi addımlar atıb.

Azərbaycanın üçrəngli bayrağı da ilk dəfə, məhz 1918-ci ildə ADR dövründə təsis edilib. Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Qərarda Azərbaycan bayrağı qırmızı parçanın üstündə ağ aypara və səkkizguşəli ulduzun təsviri verilmiş kimi göstərilirdi. Bu qərar qəbul edilərkən isə, Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabrdan sonra fəaliyyət göstərə bildi. Göründüyü kimi, ilk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub. Azərbaycan Xalq Cumhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra isə bayraq haqqında ikinci qərar qəbul edildi.

Həmin il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verdi. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilirdi ki, "Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin". Məhz milli bayraq eyni təsvirdə qəbul edildi. Burada, əlbəttə ki, bayrağımızın sonradan bu cür rənglərlə müəyyənləşdirilməsi xüsusi maraq doğurur. Çünki ilk olaraq, bayrağımız Türkiyənin bayrağı formasında qəbul edilmək üzrə idi.

Rənglərin xüsusiyyətlərinə gəlincə, mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr də tikilib və bu abidələrin əksəriyyəti göy rəngdə olub. Bu baxımdan, göy rəng həm də simvolik məna daşıyır. Göy rəng eyni zamanda, XIII əsrdə Elxanilər dövrünün əzəmətini və onların zəfər yürüşlərini əks etdirirdi.

Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə müasirləşməni və inkişaf istəyini ifadə edir. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş verdi. Həmin dövrdə insanların kapitalizm quruluşuna qarşı mübarizəsi baş qaldırıb. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilib.

Yaşıl rəng isə islam sivilizasiyasına və islam dininə mənsubluğu ifadə edir.

Bayrağımızın üzərindəki ay-ulduzun da xüsusi mənası var. Lakin bayrağın üzərindəki aypara və səkkizguşəli ulduzun mənaları barədə müxtəlif fikirlər var. Hətta alim və tədqiqatçıların da bu məsələdə fikirləri üst-üstə düşmür.

Belə ki, aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olub. Türklər 1453-cü ildə həmin şəhəri aldıqdan sonra həmin gerb Osmanlı İmperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilib və həmin dində olan başqa xalqlara da keçib.

Tarixçi Cəbi Bəhramov deyir ki, bayrağın üzərindəki aypara türk xalqlarının simvoludur. Səkkizguşəli ulduzun mənasına gəlincə, bu, "Azərbaycan" sözünün əski əlifbada yazılışı ilə bağlıdır. Belə ki, əski əlifbada "Azərbaycan" sözü səkkiz hərflə yazılır.

Digərləri isə, iddia edirlər ki, ay-ulduz türk simvolları hesab olunur. Qədim Türk mifologiyasına görə, ulduzların sayı həmin xalqların taleyində rol oynayır. Ulduzlar səkkiz guşə kimi düzüləndə, həmin xalqın taleyində xoşbəxt hadisə baş verib.

Həmçinin, versiya var ki, müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotamiya ilə əlaqədardır. Azərbaycan bayrağında ulduz Azərbaycan memarlıq üslubunda geniş istifadə olunub, səkkiz güşə və səkkiz türk xalqının simvoludur.

Cəfər Cabbarlı isə "Azərbaycan bayrağına" şeirində yazırdı:

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə, böylə söyləmək!

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yulduz da səkkiz hərfli Od Yurdu

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

Səhərlərə uçmuşdur.

Sonrakı tarixi fakta görə, 70 il Azərbaycan Sovet imperiyasının ideyalarını əks etdirən bayraq altında yaşadı. Bu müddət ərzində Azərbaycan üçün 6 cür bayraq təyin etmişdilər. 1990-cı il noyabr ayının 17-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin Sədrliyi ilə keçirilən sessiyasında Xalq Cümhuriyyətinin bayrağı, ilk dəfə rəsmi olaraq, salona gətirildi və Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı elan olundu. 1991-ci ildə xalqın tələbi ilə Ali Sovet "Dövlət Bayrağı haqqında" Qanun qəbul etdi və üçrəngli bayrağımıza Azərbaycan Respublikasının dövlət bayrağı statusunu verdi. 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan edən Azərbaycan Respublikası özünü Azərbaycan Demokratik Cümhuriyyətinin varisi elan edərək, onun dövlət rəzmlərini, eləcə də, bayrağını qəbul etdi. Hər bir azərbaycanlı milli həmrəyliyin ifadəsi olaraq, bu bayraq ətrafında sıx birləşdi.

Bəxtiyar Vahabzadənin dediyi kimi:

Bayraq mənliyimdir, bayraq kimliyim,

Bayraq - öz yurduma öz hakimliyim.

Bu mənada, ötən müddət ərzində Azərbaycan bayrağı dövlətçiliyimizin simvolu kimi müasir beynəlxalq münasibətlər sisteminin üst qurumlarında özünün layiqli yerini tutdu. Bu isə, ona görə baş verdi ki, siyasi hakimiyyətdən tutmuş sadə vətəndaşlara qədər hər kəs bayrağı milli qeyrəti və mənliyi kimi qəbul edir. Elə bu səbəbdən də, Prezident İlham Əliyevin Sərəncamı ilə inşa edilmiş Bayraq Meydanı alqışlanmalıdır. 2009-cu il il sentyabr ayının 1-də Bakıda açılışı olmuş Dövlət Bayrağı Meydanını - topların yaylım atəşlərinin müşayiəti ilə hündürlüyü 162 metr olan sütun üzərində üçrəngli bayrağımızın dalğalanmasını bütün dünya seyr etdi. Bununla da, dünya Azərbaycan xalqının üçrəngli bayrağına olan sevgisini və hörmətini gördü.

Bu gün bayrağımız Azərbaycanın qüdrətini nümayiş etdirən yüksəklikdə dalğalanır. Azərbaycan Bayrağının dünyanın ən hündür dirəyinin üzərində dalğalandırılması isə Azərbaycan xalqının bayrağının onun üçün nə qədər qiymətli olduğunu bir daha təsdiq etdi, bir daha bayrağın milli-etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlının qüruru, mənliyi, şərəfi olduğu sübut olundu. Bakıda üçrəngli Azərbaycan Bayrağının ən hündür yerdə dalğalandırılması ilə ölkəmizin sahibinin azərbaycanlıların olduğu bir daha dünyaya nümayiş etdirildi, dünya bir daha gördü ki, bundan sonra heç bir qüvvə həmin bayrağa toxuna, ləkə yaxa bilməyəcək. Dövlət Bayrağı Meydanının açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir" deməsi də isbatladı ki, bizim üçrəngli bayrağımız mənliyimizin və öz dövlət hakimliyimizin atributudur.

Bu bayrağın önündə Ümummilli Lider Heydər Əliyev, Onun əsasını qoyduğu ideyaların layiqli davamçısı Prezident İlham Əliyev baş əyərək, and içdi. Bu gün böyük iftixarla öpüb altından keçdiyimiz üçrəngli bayrağımız hər birimiz üçün arzu idi. Bu anda sadiqliyimizi heç zaman unutmayaq. Çünki bayraqları bayraq edən üstündəki qandır. Vətənin müdafiəsi zamanı həlak olmuş şəhidlərimiz torpağa tapşırılarkən, onlar uğrunda canlarını fəda etdikləri bayrağa bükülürlər. Həmin şərəfə hər kəsin sahib olmayacağını bildiyimiz üçün ən azından həyatda ikən bayrağımızın yüksək zirvələrə daşınması naminə işlər görməliyik. Status və vəzifəmizdən asılı olmayaraq, bayrağımızı şərəfimiz və qürurumuz bilib, onun daim yüksəklərdə dalğalanması üçün çalışmalıyıq.

Ramil Vəlibəyov,

YAP Nizami rayon təşkilatı GB sədrinin I müavini