İşçi seminar keçirilib

7 Noyabr 2017 12:07 (UTC+04:00)

ATMU-da Azərbaycan Turizm və Menecment Universiteti ilə Finlandiya ali təhsil və Turizm Şirkətinin “Azərbaycanda kənd turizmi və əl sənətkarlığının dayanıqlı inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində işçi seminar keçirilib. SİA-nın məlumatına görə, seminardan öncə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov Finlandiyanın Kajaani Tətbiqi Elmlər Universitetinin əməkdaşları Mikko Keranan, Kaisa Merilahti, Turku Tətbiqi Elmlər Universitetinin əməkdaşı Jonna Heikkila, Anna Satovvari və Upitrek Turizm Şirkətinin yaradıcısı və rəhbəri Urpo Heikkinen, Ekoloji Tarazlıq İctimai Birliyinin sədri Aytən Poladova, o cümlədən birliyin digər nümayəndələrini qəbul edib.

Görüş zamanı Azərbaycan Turizm və Menecment Universitetinin Finlandiya universitetləri ilə əlaqəsi, ERASMUS+ proqramı çərçivəsində həyata keçirilən tələbə- müəllim mübadiləsi və sair məsələlərdən danışılıb. Qeyd olunub ki, son üç ildə universitetin dörd tələbəsi ERASMU+ proqramı çərçivəsində Finlandiyanın Kajaani Universitetində təhsil alıb. Daha iki əməkdaş təcrübə mübadiləsində olub. Kajaani Universitetinin professoru isə ATMU-da müvafiq fakültənin tələbələrinə “Davamlı turizm”mövzusunda seminar keçib. Görüş əsnasında gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.

“Azərbaycanda kənd turizmi və əl sənətkarlığının dayanıqlı inkişafının dəstəklənməsi” layihəsi Finlandiya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə əlaqələndiriciləri Ekoloji Tarazlıq İB və Kajaani Tətbiqi Elmlər Universiteti, tərəfdaşlar Azərbaycan Turizm və Menecment Universiteti və Turizm İnformasiya Mərkəzləridir. Layihənin başlıca məqsədi dayanıqlı kənd turizmini inkişaf etdirməklə kənd əhalisinin gəlirlərini artmaq, güzəran və rifahını yaxşılaşdırmaqdan ibarətdir. Layihənin hədəf regionlarına Quba, Lənkaran-Astara, Şəki –Qəbələ daxildir. İşçi seminarda adı çəkilən beş regionda kənd turizminin inkişafına dair marketinq strategiyasının ilkin işçi sənədi müzakirə edilib.