MBNP əməkdaşları maarifləndirici seminarlara qatılıb

2 Noyabr 2017 18:11 (UTC+04:00)

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) əməkdaşları "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"nin "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" sərlövhəli 5-ci strateji hədəfinin icrası istiqamətində Mərkəzi Bank tərəfindən təşkil olunan maliyyə savadlılığı üzrə maarifləndiriçi tədbirlərdə iştirak ediblər.

MBNP-nin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilmiş seminarda Maliyyə Bazarlarına Nəzarət Palatasının stratejı xidmətlər departamentinin aparıcı analitiki Sədrəddin Cavadzadə Azərbaycanda bankçılığın tarixi, bankların ölkə iqtisadiyyatında rolu, sektorun balansı, maliyyə sabitliyi göstəriciləri, Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin məqsədi, istiqamətləri və digər mövzuları əhatə edən təqdimat ilə çıxış edib. Analitik seminarda iştirak edən tələbələrin çoxsaylı suallarını cavablandırıb.

31 oktyabr - Beynəlxalq Əmanət Günü ilə əlaqədar Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində 120 nəfərə yaxın müəllim və tələbə heyətinin iştirak etdiyi seminarda isə MBNP-nin hüquq və icraat departamentinin aparıcı mütəxəssisi Murad Məmmədov "Maliyyə Bazarlarının istehlakçı hüquqlarının qorunması" mövzusunda təqdimatla çıxış edib. Təqdimat zamanı hüquq pozuntusu aşkar edildikdə MBNP tərəfindən atılan addımlar, istehlakçıların hüquqları ilə əlaqədar qanunvericilikdə dəyişikliklər edilməsi təşəbbüsü, həmçinin palataya mütəmadi olaraq müraciət edən vətəndaşlara göstərilən hüquqi dəstək haqqında məlumatlar iştirakçılara təqdim olunub.