"Üç ölkə arasında dostluq əlaqələri aktual məsələlərinin həllində böyük önəm daşıyır” ŞƏRH

2 Noyabr 2017 14:10 (UTC+04:00)

“Bildiyiniz kimi Azərbaycan, İran və Rusiya böyük layihə üzərində çalışır. Ötən gün Tehranda keçirilən üçtərəfli zirvə görüşündə prezidentlər Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin formalaşdırılması istiqamətində görülən işlər, qarşıda duran vəzifələr və digər məsələləri müzakirə ediblər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O bildirib ki, bu layihələr təkcə üç ölkə üçün deyil, Asiya və Avropa qitələri üçün böyük əhəmiyyətə malikdir.

Deputatın sözlərinə görə, üçtərəfli sammitdə hər üç ölkənin dövlət başçısı Xəzərdə əməkdaşlıq və ən əsası isə təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

R. Musabəyov qeyd edib ki, ümumiyyətlə, Azərbaycanın böyük layihələrin təşəbbüskarı olması və onların həyata keçirilməsi istiqamətində aparılan müzakirələr ölkəmizin artmış nüfuzunu və kifayət qədər yaxşı perspektivə malik olduğunu göstərir: “Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri, qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır”.

Üç tərəfli görüşün Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirinə gəlincə, deputat söyləyib ki, görüş problemin həllinə bilavasitə təsir göstərməsə də, böyük layihələrin həyata keçirilməsi üçün sabitliyin təmin olunması mühüm olduğu üçün burada Dağlıq Qarabağ münaqişəsinin sülh yolu illə həli məsələsi də mütləq şəkildə müzakirə edilib: “Regionda sabitliyi təmin etmək üçün Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli qaçılmazdır. Bu baxımdan Rusiya və İranın öz imkanlarından istifadə etməklə münaqişənin həlli ilə bağlı səyləri artırması vacibdir. Lakin bunu hansı şəkildə reallaşacağını sonrakı hadisələr göstərəcək. Amma hər bir halda, İran və Rusiya Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Hesab edirəm ki, bu amil Azərbaycanın əsas probleminin həllinə də öz müsbət təsirini göstərəcək”.

Qeyd edək ki, ötən gün Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.