“Sumqayıt” REŞ-də təmir işləri davam edir
7 Oktyabr 2010 20:24 (UTC+04:00)
"Sumqayıt" REŞ-də də sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir. SİA-nın məlumatına görə, cari ilin avqust ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 416 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək müvafiq qaydada aktlar tərtib edilib. Ən çox qayda pozuntusu "Sumqayıt"-da ən azı isə "Qobustan" istehlakçıların sayğac uçot komplektlərində qeydə alınıb. Belə ki, bu müəssisələrdə qayda pozuntuları müvafiq olaraq 220 və 13 fakt olmuşdur. Tərtib edilmiş aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 636,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 62,7 min manata yaxın istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin 20 faizə yaxın hissəsinin ödənişi təmin edilib. Qeyd edək ki, cari ilin avqust ayında qayda pozuntularına görə ödənişdə ən yüksək göstərici "Xırdalan" -da, ən aşağı göstərici isə "Sumqayıt"-da qeydə alınmışdır. Belə ki, bu müəssisələrdə sözügedən təyinat üzrə ödənişlər müvafiq olaraq 35 və 9 faizə yaxın olub. Cari ilin 8 ayı ərzində 2440 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilib. O cümlədən, "Sumqayıt"-da 1270, "Xırdalan"-da 512, "Bağlar"-da 326, "Şamaxı"-da 202, "Qobustan"-da 126 və "Xızı"-da 7 qayda pozuntusu faktı aşkar edilib. Aşkar edilmiş pozuntular müvafiq qaydada aktlaşdırılıb və pozuntunun xarakterinə müvafiq hesabat aparılaraq 8 milyon 246,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 494,8 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 22 faizə yaxın hissəsinin ödənişi tam təmin edilib. Qalıq hissənin ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür. Onu da qeyd edək ki, qaliq debitor borcu olan istehlakçılara müvafiq qaydada xəbərdarlıq edilərək qanunvericiliyə uyğun tədbirlər görülür.