“Hədəfə çatmaq üçün daim öz üzərində çalışmaq lazımdır”

7 Oktyabr 2010 20:09 (UTC+04:00)
"İrəli" İctimai Birliyi tərəfindən həyata keçirilən Media Akademiyası layihəsi öz işini davam etdirir. Birliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, layihənin növbəti qonaqları Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev və dünya, Avropa çempionu Arif Abdullayev olub. Tələbələrlə görüşən qonaqlar onlara özləri haqqında müxtəlif məlumatlar veriblər.

Görüş zamanı N.Abdullayev artıq 25 ildən çoxdur ki, bu idman növü ilə məşğul olduğunu qeyd edib. Hazırda gənclər arasında güləş idman növünə böyük maraq olduğunu bildirən çempion qardaşlar yeniyetmələr arasında qazanılan uğurları və bu sahədə mövcud perspektivləri qeyd ediblər: "Hər bir idmançıda ruh düşkünlüyü və müxtəlif zədələr ola bilər. Lakin, hədəfə çatmaq üçün daim öz üzərində çalışmaq lazımdır" - fikrini tələbələrə bildirən N.Abdullayev qələbənin insanın iradəsindən asılı olduğunu qeyd edib.