"Azərbaycan-Türkiyə əməkdaşlığı daha da güclənəcək" ŞƏRH

1 Noyabr 2017 14:12 (UTC+04:00)

"Həm Bakıda keçirilən Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının toplantısında, həm də Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşündə müzakirə edilən məsələlər iki ölkə arasındakı möhkəm və sıx əməkdaşlığı daha da gücləndirəcək". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı görüşdə əldə edilən razılaşmalar bir daha sübut etdi ki, iki ölkə arasında istər hərbi, istərsə də digər sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edəcək: "Bütün bunlar Azərbaycanla Türkiyə arasında ən yüksək səviyyədə olan əlaqələrin uğurlu davamının göstəriciləridir. Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətləri bütün dünya ölkələri üçün nümunə ola bilər. İki ölkə arasında əməkdaşlıq, bu birlik təkcə dövlətlər deyil, millətlər səviyyəsində də mövcuddur. Bu görüş Azərbaycan və Türkiyəni istəyənlər və istəməyənlər üçün güclü bir mesajdır".

xatırladaq ki, oktyabrın 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası keçirilib.