Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycanla Türkiyə arasında bayraq böhranına dair kütləvi informasiya vasitələrində yer alan xəbərlərə münasibət bildirib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Polşa xarici işlər naziri Radoslav Sikorski ilə Ankarada keçirdiyi görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən Türkiyə XİN rəhbəri bayraq böhranına dair yayılan məlumatları təkzib edib.
O, Azərbaycanda Türkiyəni təmsil edən heç bir təşkilatda, quruluş və Türk Şəhidliyində olan Türk bayraqlarının da qadağan edilmədiyini bildirib: "Bizim üçün Azərbaycan və Türkiyə bayraqları eyni səviyyədə ehtiram göstərilən bayraqlardır. Bu məsələ ilə bağlı heç bir böhran yaranmayıb, yeni böhranın yaradılması da lazım deyil",- deyə Türkiyə xarici işlər naziri bildirib.