MEK-də mətbuat konfransı FOTO

26 Oktyabr 2017 17:10 (UTC+04:00)

MEK-in təşkilati dəstəyi ilə AMEA Yüksək Texnologiyalar Parkı MMC-nin baş sponsoru olduğu Azərbaycanın ilk dəfə qoşulduğu dünyanın ən böyük "Yaşıl” biznes ideya müsabiqəsi - "Climate Launchpad 2017"-nin finalına vəsiqə qazanan komandaların üzvləri mətbuat nümayəndələri ilə görüşüb.

AMEA Mərkəzi Elmi Kitabxanası Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi​ndən SİA-ya verilən məlumata görə,​ 17-18 oktyabrda Kiprin Limasol şəhərində keçirlən finalda ölkəmizi 3 komanda təmsil edib. "ClimateLaunchpad 2017”-nin ölkə finalında qalib olan “Catalyser”, “Sh2ower” və “Enwaes” komandaları Azərbaycanı dünyanın “cleantech” xəritəsinə çıxartmaq üçün beynəlxalq finalda yarışıblar.

Dünya finalında uğurla iştirak edən komandalarımızdan “Catalyser” layihəsi (“CO2”-ni “Eco Fuels”a, karbon dioksidi ekoloji yanacağa səmərəli çevirmək) investorların marağına səbəb olub. Ölkə finalında birinciliyi qazanan “Catalyser” dünya finalında 35 ölkədən 105 startap arasında ilk 15-ci sıraya daxil olaraq qaliblər sırasına qoşulub.

Azərbaycanın ilk dəfə qoşulduğu və dünyada artıq 4-cü dəfədir həyata keçirilən "Climate Launchpad 2017"-nin ölkəmizdəki rəsmi tərəfdaşı “Social Innovation Lab”dır. Yarandığı dövrdən dünyada mövcud olan innovativ texnoloji yeniliklərin ölkəmizdə inkişaf etdirilməsi, innovativ təşəbbüslərin kommersiyalaşdırılması layihələrinə dəstək verən AMEA Yüksək Texnologiyalar Parkı proqramın “qızıl sponsoru”- əsas tərəfdaşıdır. Müsabiqənin “Bürünc sponsoru” isə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzidir.

Azərbaycanda "startup" ekosistemini təkmilləşdirmək məqsədilə həyata keçirilən "ClimateLaunchpad" müsabiqəsi ətraf mühitin qorunması və inkişafı ideyasına xidmət edir. Müsabiqədə iştirak edən komandalar təşəbbüskar ideyalarını məhsula çevirmək, həmin məhsulu kommersiyalaşdırmaq, qlobal bazara çıxarmaq yollarını araşdırıb və vacib biznes biliklərini layihələri üzərində tətbiq ediblər.

Dünya finalında hər iştirakçı ölkədən 3 komanda Avropanın qabaqcıl investorları və sahibkarları qarşısına çıxıblar. Azərbaycanı 14 startap içərisindən finala vəsiqə qazanan 3 startap layihəsi təmsil edib. Avropa Birliyi tərəfindən maliyyələşdirilən, Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən təşkil edilən yarışmada bu il dünyanın 37 ölkəsi iştirak edib.