Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin 80 illiyi münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, mədəniyyət, təhsil ocaqlarının işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Rayon icra hakimiyyətinin şöbə müdiri, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək tarixən zəngin olan Azərbaycan mədəniyyəti və incəsənətinin bugünkü səviyyəyə yüksəlməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb. Bildirib ki, Ulu Öndərin imzaladığı sərəncamlara əsasən Milli Kino, Milli Musiqi, Azərbaycan Əlifbası və Ana dili günlərinin təsis edilməsi xalqımızın çoxəsrlik mədəniyyətinə məhəbbətinin ifadəsi idi. Bu sahədə bir sıra qanunların qəbul edilməsi hüquqi bazanın yaradılmasının əsas göstəricilərindən biridir. Prezident İlham Əliyev tərəfindən ümummilli liderimizin mədəniyyət siyasətinin uğurla davam etdirildiyini qeyd edən H.Şikarov bildirib ki, bu istiqamətdə yeni mədəniyyət müəssisələri inşa olunub, mədəniyyət ocaqları təmir edilərək tamaşaçıların ixtiyarına verilib.
Diqqətə çatdırıb ki, bu il 80 illik yubileyini qeyd edən mədəniyyət mərkəzinin yaradıcı kollektivi qarşıya böyük və məsuliyyətli məqsəd qoyaraq bir sıra mədəni-kütləvi, ədəbi-bədii tədbirlər həyata keçirir.
Sonra Samirə Allahverdiyeva, Tacir Şahmalıoğlu, Yusif Mustafayev, Rüfət Axundov, Cəmalə Qambayeva milli musiqimizdən ibarət repertuarları ilə çıxış ediblər.
Tədbir bədii proqramla davam edib.