“Azneft”: “Qarabağ” yatağının işlənməsi yeni formatda həyata keçiriləcək

25 Oktyabr 2017 23:01 (UTC+04:00)

“Qarabağ” yatağının işlənməsi yeni formatda, beynəlxalq dəyərləndirmələr tətbiq edilməklə həyata keçiriləcək.

“Azneft” İstehsalat Birliyindən (İB) AZƏRTAC-a bildirilib ki, İB-də 2017-ci ilin yanvar-sentyabr ayları üzrə tikinti layihələrinin icra vəziyyətinə dair hesabat iclası keçirilib. İclasda birliyin rəhbərliyi, idarə və şöbə rəhbərləri iştirak edib. Birliyin baş direktoru Daşqın İskəndərov həyata keçirilən layihələrin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində ciddi səylə çalışıldığını bildirib. O, bu məqsədlə layihələrin təhlili ilə məşğul olan beynəlxalq "Independent Projects Analysis" (Layihələrin Müstəqil Təhlili) şirkəti ilə əməkdaşlığın uğurla davam etdirildiyini deyib. D.İskəndərov layihələrin dünyanın qabaqcıl şirkətləri tərəfindən qəbul olunmuş formada hazırlanmasının, hər bir tikinti layihəsinin öz komandasının olmasının vacibliyini qeyd edib. O, layihələrin planlaşdırılması zamanı layihənin bitiş vaxtının düzgün müəyyən olunmasının mühüm amil olduğunu bildirib. Baş direktor “Qarabağ” yatağının işlənməsinin yeni formatda, beynəlxalq dəyərləndirmələr tətbiq edilməklə həyata keçiriləcəyini bəyan edib.

Birliyin baş direktorunun tikinti işləri üzrə müavini Əlimusa Quliyev əsaslı tikinti və layihələrin həyata keçirilməsi barədə ümumi məlumat verib, infrastrukturun abadlaşdırılması, yerinə yetirilən tikinti-quraşdırma işləri haqqında çıxış edib.

Sonra əsaslı tikinti və layihələrin ekspertizası şöbəsinin rəisi Gülmirzə Səfərov son illər ərzində kapital qoyuluşları sahəsində görülmüş işlərdən danışıb, qarşıya qoyulmuş tapşırıqların icrası barədə geniş məlumat verib, tikinti-quraşdırma sahəsində planlaşdırılan tədbirlərdən, layihələrin icra vəziyyətindən söz açıb. G.Səfərov bildirib ki, 2018-ci ildə 144 obyektdə tikinti-quraşdırma işinin həyata keçirilməsi planlaşdırılır. Tikintisi davam edən obyektlər üzrə ayrı-ayrı məlumat verib. Sonda birliyin baş direktoru son illər ərzində çəkilmiş xətlərin təhlilinin aparılması barədə göstəriş verib, layihələrdə nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.