Novruz Məmmədov Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən danışdı EKSKLÜZİV

25 Oktyabr 2017 10:40 (UTC+04:00)

“Bu ilin oktyabrın 30-da açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Avropa ilə Asiyanı birləşdirməsindən, bir-birinə yaxınlaşdırmasından başqa böyük bir missiyası, vəzifəsi ola bilməz”. Bunu SİA-ya açıqlamasında Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov deyib.

Prezidentin köməkçisinin sözlərinə görə, ümumiyyətlə, bu illər ərzində kiçik bir dövlətin Ümummilli Lider Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi bəzən bir layihə belə dövlətimizin çox uğurlu bir yol keçdiyinə nümunə ola bilərdi: “Amma görün Azərbaycan nə qədər layihələr həyata keçirib. Şərqlə-Qərbi birləşdirmək, min il bundan əvvəl mövcud olmuş Böyük İpək Yolunu bərpa etmək, Şimalla-Cənub arasında əlaqələr yaratmaq, demək olar ki, planetin bütün ölkələrini bir-birinə yaxınlaşdıran layihələrdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri - XX və XXI əsrin müqavilələri mühüm layihələrdir. Azərbaycanın işıqlı gələcəyi, firəvanlığı bax bu siyasətlə təmin olunur. Düşünürəm ki, bu yol uzun və əbədidir. Təbii ki, bu yolda hər birimiz çalışmalı və öz töhfəmizi verməliyik”.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılışı oktyabrın 30-da Bakı şəhərində keçiriləcək.