Novomoskovski şəhərindəki Azərbaycan diasporu

24 Oktyabr 2017 17:37 (UTC+04:00)

Novomoskovskiy şəhərində “Valiyevskiy Xleb” çox məşhurdur

Azərbaycan diaspor təşkilatları dünyanın bütün dövlətlərində və demək olar ki, hər bir şəhərdə var. Baxmayaraq ki, bir şəhərlərdə bir neçə adda Azərbaycan təşkilatları var, ancaq onların əksəriyyəti vətəninə, xalqına xidmət edir. Son zamanlar diaspor təşkilatları arasında gedən intiriqaları nəzərə almasaq, ümumiyyətlə, bu sahədə işlər o qədər də pis deyil. Azərbaycanımızın elə oğulları var ki, heç bir təmənna güdmədən, vətəninə xidmət edir və millətinin adını öz əməli işi ilə həmişə uca edir.

Ukraynada yaşayan həmyerlilərimizin də diaspor fəaliyyəti qənaətbəxşdir. Xüsusən də, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi yarandıqdan və onun sədri Rövşən Tağıyev seçildikdən sonra bu sahədə aktivlik hiss olunmağa başlandı. Rövşən müəllim Ukrayna ictimaiyyətində xüsusi siyasi çəkisi olan Azərbaycanlıdır. Rövşən Tağıyev Ukraynada yaşayan soydaşlarımız arasında bəzi anlaşılmazlığa son qoymaq üçün BUAK-ın təməlini qoyaraq hamını bu təşkilata birləşməyə dəvət etdi. Təqdirəlayiq haldır ki, nəticədə bir çox regionlar, şəhərlərdəki təşkilatlar onun ətrafında birləşərək birgə diaspor fəaliyyətinə başladılar.

Bu gün Ukraynada Azərbaycan diaspor təşkilatları sırasında BUAK Dnepropetrovskiy və Novomoskovskiy şəhər təşkilatlarının özünəməxsus yeri vardır. Bu yaxınlarda Novomoskovskiy şəhərində olarkən bunun bir daha şahidi olduq. BUAK Novomoskovskiy şəhər təşkilatının sədri Şikar Şirinovla görüşüb onun gördüyü işlərlə tanış olarkən o bizi fəal konqres üzvləri ilə də tanış etdi. İnqilab Vəliyev də Novomoskovskiy şəhərində yaşayan fəal konqres üzvlərindəndir. İnqilab müəllim də Şikar Şirinovun ətrafında birləşərək, millətinə, vətəninə layiqincə xidmət edir.

Əslən Gürcüstanın Borçalı mahalından olan İ.Vəliyevi hamı çörəkçi kimi tanıyır. Belə ki, o, çörək istehsalı ilə məşğuldur. Novomoskovskiy şəhərində yerli millət özləri, onun bişirdiyi çörəyə ad veriblər, “Valiyevskiy Xleb” . Bu gün Novomoskovskiy şəhərində “Valiyevskiy Xleb” çox məşhurdur. İnqilab müəllim deyir ki, mənimlə rəqabət aparmaq çox çətindir, çünki mən təkcə işimi mükəmməl bilmirəm, həm də onu çox sevirəm: "İndi xüsusi mülkiyyətçilikdir. İstehsal etmək asandır, ancaq alıcı tapmaq, iri zavodlarla rəqabət aparmaq çox çətindir. Bəzən elə iri zavodlarla qarşı-qarşıya gəlirik ki, mübarizə aparmaq çox çətin olur. Onlar kefiyyətlə deyil, qiymətlə bizi üstələmək istəyirlər. Lakin qısa müddət keçmir görürlər ki, yenə də mənə uduzublar. Çünki mən işimi yalnız yüksək keyfiyyətli məhsul istehsalı üzərində qururam. Alıcılar dükanlara gələrkən "mənə Valiyevskiy çörək verin" ifadəsini təsadüfən demirlər. Mən də alıcıların bu sözündən sonra çörəyimizə “Valiyevskiy Xleb” adı verdim. Bir iş adamı olaraq, öz şəxsi dükanlarımda da, istehsal etdiyimiz çörək və çörək məmulatlarının satışını təşkil edirik. Bu gün yerli insanlar şəkərbura, paxlava, kətə və s. Azərbaycan şirniyyatlarını çox sevməyə başlayıblar. Gücümüz nə qədər çatırsa bir o qədər də işləyərək, öz millətimizi, Azərbaycanımızı layiqincə təmsil etməyə çalışırıq. O ki, qaldı diaspor fəaliyyətinə, bu hər bir Azərbaycanlının borcudur. Qübətdə yaşayan hər bir Azərbaycanlı bilməlidir ki, o öz millətini yaşadığı yerdə təmsil edir. Odur ki, elə etməliyik ki, millətimizin adını həmişə ucaltmalıyıq. Mənim yerli millətin nümayəndələrindən ibarət xeyli işçilərim var. Çalışıram ki, həm bir rəhbər kimi, həm də Azərbaycanlı olaraq, millətimə məxsus yaxşı keyfiyyətləri göstərə bilim. Biz BUAK Novomoskovskiy şəhər təşkilatının sədri Şikar Şirinovun ətrafında sıx birləşmişik. Demək olar ki, keçirilən bütün tədbirlərdə iştirak edirik. Mən uzun illərdir bu şəhərdə yaşayıram. Tələbə olan vaxtı Xarkov şəhərində oxuyarkən də diaspor fəaliyyəti ilə məşğul olurduq. Sonra mən ailə quraraq Novomoskovskiy şəhərinə gəldim. Bu gün övladlarım bu şəhərdə böyüyür, yerli millətə inteqrasiya edirik. İki qızım bir oğlum var, övladlarımın biri artıq ali təhsilini başa vurub, digəri isə davam etdirir. Kiçik qızımın isə bir yaşı var. Biz harada yaşamağımızdan asılı olmayaraq ürəyimiz həmişə Vətənlə döyünür. Qürbətdə yaşayan hər bir Azərbaycanlı Vətənin bir parçasıdır.

Bəli, Novomoskovskiy şəhərini gəzdikcə, sanki özünü Azərbaycanın hansısa bir bölgəsində hiss edirsən. Ağdamın adını daşıyan Ticarət mərkəzi, Şəkərbura, Kətə və s. Azərbaycanı xatırladacaq adları görərkən istər-istəməz qürur duyursan.

Əlmaniz Ələkbərli,

SİA-nın Ukrayna bürosunun rəhbəri, Azərbaycan Jurnalistlər və Yazıçılar birliyinin üzvü