Tarixi abidənin bərpasında nələrə diqqət yetirilməlidir?

6 Oktyabr 2010 03:30 (UTC+04:00)

Gəncənin ən qədim tarixi abidələrindən olan İmamzadə türbəsinin əsaslı təmirinə start verilib. Artıq bir neçə aydır ki, təmir-bərpa işlərinə başlanılıb və ziyarətgahın qarşısında əlavə tikililər ucaldılıb. Gəncə Körpü Tikinti Şirkəti tərəfindən aparılan işlər nəzərdə tutulan cədvələ uyğun davam etdirilir.

Qurumun nümayəndəsi Zakir İmamquliyevin SİA-nın bölgə müxbirinə bildirdiyinə görə, kompleksdə işlər gündəlik nəzərdə tutlan plan əsasında aparılır. Hazırda tikinti İmamzadəyə üz tutacaq turistlərin yerləşdirilməsi üçün nəzərdə tutulan kavansaray kompleksinin inşası üzərində gedir. Layihəyə uyğun olaraq kompleksdə 20-dən artıq otaq tikiləcək. Burada çalışan işçilərlə yanaşı, ziyarətgaha üz tutacaq zəvvarlar bu otaqlarda yerləşdiriləcək.

Tarixçi-etnoqraf Səyyaf Paşayev bildirib ki, tikinti zamanı İmamzadə türbəsindəki tarixi abidələrin qorunması vacibdir. İlk növbədə türbənin üzərində olan kümbəzlər saxlanılmalıdır. Sonra diqqət yetirilməsi vacib məslələlər sırasına İmamzadənin qədimdən qalan divarlarıdır. Səyyaf Paşayevin fikrincə, bu divarlar İmamzadənin tarixi görkəmini saxlayan əsas tikililərin önündə gəlir. İmamzadə türbəsinin vaxtı ilə inşası zamanı sözügedən divarların tikintisində süddən də istifadə olunub.

Xatırladaq ki, İmamzadə türbəsinin təmiri və ətrafının səliqəyə salınması üçün dövlət tərəfindən 3 milyon manat məbləğində vəsait ayrılıb.