YAP cəmiyyətdə aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir TƏDBİR

24 Oktyabr 2017 12:10 (UTC+04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü münasibətilə partiyanın Nizami rayon təşkilatının “SOCAR Ekologiya İdarəsi” ərazi ilk partiya təşkilatında tədbir keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. Azərbaycanın dövlət himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən SOCAR Ekologiya İdarəsinin rəisi, ərazi ilk partiya təşkilatının sədri Azər Əliyev deyib ki, bu gün sıralarında cəmiyyətin bütün təbəqələrini əhatə edən 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirib ki, zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarətdir. YAP zamanın çətin sınaqlarından şərəflə çıxıb, böyük siyasi qüvvəyə çevrilib. Partiyanın sıralarının gündən-günə artmasının əsas səbəbi ondadır ki, YAP-ın yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyev olub. Partiyanın nüfuzu ondadır ki, hazırda bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.

Fikirlərini tədbir iştirakçıları ilə bölüşən YAP Nizami rayon təşkilatının Şura üzvü Fizuli Hacıyev, SOCAR Ekologiya İdarəsinin GEM ərazi ilk partiya təşkilatının sədri Bəhlul İsmayılov və başqaları Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildiriblər.

Sonda partiyaya yeni üzv qəbul edilənlərə vəsiqələr və partiyanın işində xüsusi fəallığı ilə seçilən bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib.