Mahmud Məmməd-Quliyev Pan-Afrika Parlamentinin prezidenti ilə görüşüb

23 Oktyabr 2017 19:04 (UTC+04:00)

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkəmizdə səfərdə olan Pan-Afrika Parlamentinin prezidenti Rocer Nkodo Danq ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, görüşdə Azərbaycan ilə Pan-Afrika Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. Nazir müavini Azərbaycan ilə Afrika İttifaqı ölkələri arasında əməkdaşlığın cari vəziyyəti, əlaqələrin genişləndirilməsi baxımından son illər görülən işlərdən danışıb. O, Azərbaycan ilə Afrika ölkələri arasında ticarət əlaqələrinin inkişafının, bu xüsusda artıq birbaşa hava əlaqəsinin yaradılmasının əhəmiyyətini diqqətə çatdırıb.

Rocer Nkodo Danq təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu və bu məqsədlə müxtəlif sahələrdə işçi qruplarının yaradılmasının vacibliyini qeyd edib. O, həmçinin Pan-Afrika Parlamentinin fəaliyyəti barədə məlumat verib və Azərbaycanın Afrika qitəsində təşviqi baxımından təşkilatı mühüm platforma adlandırıb. Görüşdə Azərbaycan ilə Afrika ölkələri arasında təhsil, səhiyyə, informasiya texnologiyaları və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensialdan istifadənin əhəmiyyəti vurğulanıb.

Mahmud Məmməd-Quliyev ölkəmizin son illər müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində əldə etdiyi uğurlardan danışıb və Afrika ölkələrini Azərbaycanın peyklərindən yararlanmağa dəvət edib.