Prezidentin köməkçisi Sarkisyanın əməllərindən danışdı

23 Oktyabr 2017 14:26 (UTC+04:00)

"Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan Prezidenti ilə son görüşdən sonra görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirib". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi, şöbə müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, dövlət başçısı bir xalqın, dövlətin nümayəndəsidir: "Həmin xalq necə olubsa bunu prezident seçib, onun ən ləyaqətli insan olduğuna, sözünün üzərində duraraq ölkəni irəli aparacağına inanıb. Uzun müddətdir ki, Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar aparılmırdı, Ermənistan tərəfi buna həmişə mane olurdu. Son görüşdə prezidentlər, xarici işlər nazirləri, ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT sədrinin nümayəndəsi iştirak edirdi. Bu görüşdə bildirildi ki, uzun müddətdən sonra baş tutmuş bu görüşlə bağlı 3-4 bənddən ibarət fikri dünya ictimaiyyətinə çatdırılsın. Hamı bununla razılaşdı. Əgər Ermənistan prezidenti bununla razı deyildisə, görüşdə bildirə bilərdi, deyərdi ki, ürəyinə, ağlına nə gəlirsə, görüşdən sonra deyəcək. Ermənistan prezidenti görüşdə bununla razılaşdı, ancaq görüşdən sonra bir qrup erməni ilə görüşdə əvvəlcə görüşlə bağlı bəyanatı səsləndirdi, sonra da ağlına gələni dedi. Bununla da görüşün ruhuna uyğun olmayan fikirlər səsləndirdi. Azərbaycan prezidenti, digər dövlət rəsmiləri Ermənistan prezidentinə cavab verdi. Halbuki Ermənistan prezidenti həmsədrlərin qarşısında söz vermişdi ki, görüşdən sonra konkret fikirlərin dünya ictimaiyyətinə çatdırılmasına razıdır, görüşdən çıxandan sonra isə riyakarlıq edib, başqa cür danışır. O halda ona xalqının inamı necə olacaq, o xalqın inkişafını, rifahını necə təmin edə biləcək? Həmsədrlər əvvəlcə söz verib, sonra başqa addım atan Ermənistan prezidenti barədə nə düşünürlər?".

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan və erməni xalqı məhz bu cür rəhbərlərin sayəsində ağır duruma düşüb, ermənilər ölkələrini tərk edirlər: "Bu gün Ermənistanda cəmi 2,5 milyon insan yaşayır. Proqnozlara görə, vəziyyət bu cür davam edəcəksə, 20 ildən sonra da ölkə əhalisinin sayı 2,5 milyon nəfəri keçməyəcək. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra indiyə qədər əhalisi 3 milyon nəfərə qədər artıb. Bu, fərqi, inkişafı göstərir. Azərbaycan və paytaxtı dünyada ən gözəl ölkələrdən, paytaxtlardan biridir. Ermənistan isə miskin durumdadır. Sarkisyanın dövlət başçısı statusu olsa da o riyakarlıq edir, yalan danışır".