Akrobatlarımızdan Avropa çempionatında daha bir medal

23 Oktyabr 2017 14:42 (UTC+04:00)

Polşanın Jeşuv şəhərində akrobatika gimnastikası üzrə 28-ci Avropa çempionatına yekun vurulub. SİA Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışların sonuncu günündə qarışıq cütlüyümüz Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı “temp” proqramı üzrə final çıxışları ilə komandamızın hesabına 3-cü bürünc medalı yazdırıblar. Cütlüyümüz şəxsi karyeralarında ilk dəfə qitə çempionatında ən güclülər arasında mübarizə aparıblar. Buna baxmayaraq, gənc akrobatlarımızın inamlı çıxışları diqqətdən kənar qalmayıb və onlar 7-ci yerdən finala vəsiqə qazanıblar. Həlledici mərhələdə isə Abdulla və Ruhidil öz proqramlarını daha da uğurla icra edərək medalçılar sırasında yer almağı bacarıblar.

Xatırladaq ki, Avropa çempionatında qarışıq cütlük proqramı üzrə 23 iştirakçı mübarizə aparıb. Ölkəmizi təmsil edən hər iki cütlüyümüz - Ağasif Rəhimov və Nurcan Cabbarlı, həmçinin Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı 4 gün boyunca davam edən həyəcanlı çıxışların sonunda komandamıza 3 mümkün finaldan, ümumilikdə 3 bürünc medal qazandırıblar.