İtaliya mətbuatı Azərbaycan-İtaliya münasibətlərindən yazıb FOTO

23 Oktyabr 2017 12:27 (UTC+04:00)

Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə İtaliya Senatında keçirilmiş “Azərbaycan və İtaliya arasında 25 illik əməkdaşlıq: strateji tərəfdaşlığa aparan yol” adlı konfrans İtaliya KİV-lərinin diqqət mərkəzindədir. SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, İtaliyanın “İl Giornale”, “Globalist”, “AGİ”, “Agenzia Nova”, “Agenparl”, “Notizie Geopolitiche”, “Globus Magazine”, “Scenari İnternazionali”, “Sicilian Network”, “Daily Cases”, “Andradelab”, “Rete Sole” kimi mətbuat orqanlarının yaydığı məqalə, reportaj və müsahibələrdə ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq barədə məlumat verilir, konfransın məqsədinin Azərbaycan-İtaliya münasibətlərində əldə olunmuş nəticələrin və ikitərəfli münasibətlərin vəd etdiyi böyük perspektivlərin göstərilməsi olduğu bildirilir.

Məlumatlarda eləcə də, konfransda çıxış etmiş şəxslərin, o cümlədən İtaliya Senatının vitse-prezidenti Linda Lançilotta, xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova, mədəniyyət nazirinin müavini Antimo Çezaro, Senatın Avropa İttifaqı siyasəti daimi komissiyasının sədri Vanino Kiti, Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə, İtaliyanın Bakıdakı səfiri Auqusto Massari, Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Azər Kərimli, İtaliya parlamentində Azərbaycanın dostları parlamentlərarası assosiasiyasının sədri senator Sercio Divina, Senatın Maliyyə və Xəzinə daimi Komissiyasının sədri, Azərbaycanın dostları parlamentlərarası assosiasiyasının sədr müavini Mauro Marino, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov, SNAM şirkətinin baş icraçı direktoru Marko Alvera, Azərbaycanın dostları parlamentlərarası assosiasiyasının üzvü senator Maria Rizzotti, senator, sabiq təhsil naziri Stefania Ciannini, İtaliya Daxili İşlər Nazirliyinin İtaliya İslam Şurasının müşaviri, İtaliya İslam Dini Şurasının (CO.RE.İS.) sədr müavini, ISESCO-nun Qərbdə Təhsil və Mədəniyyət Şurasının sədri Yəhya Pallaviçininin səsləndirdiyi fikirlərə də yer verilib.