Gülarə Cabbarlı: “Mənə xatirələrimi yaşatdınız” FOTOLAR

23 Oktyabr 2017 12:05 (UTC+04:00)

“Cabir Novruz” Mədəniyyət Fondunun Prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi Cavanşir Qurbanov başda olmaqla fondun üzvləri, dahi dramaturqumuz Cəfər Cabbarlının evində qızı Gülarə xanım Cabbarlıya baş çəkiblər. SİA-nın məlumatına görə, fondun prezidenti Cavanşir Qurbanov ilk növbədə Gülarə xanıma dünyamızın ən vacib neməti olan cansağlığı, sağlamlıq arzulayıb. Bu yaxınlarda dillər əzbəri olmuş “Ana” şeirinə bəstələnmiş mahnının klip versiyasına “Beynəlxalq Mətbuat Mərkəzi”ində keçirilən tədbirdə baxdığını və ağbirçək anamız Gülarə xanıma həsr olunduğunu səmimi hisslərlə dilə gətirib. Xalq artisti, dünya şöhrətli xanəndə Alim Qasımovun “Ana” mahnısını möhtəşəm ifa etdiyindən, tanınmış bəstəkar Elçin İmanovun musiqisinin onda kədərli duyğular yaşatdığını bildirib. Bu yaxınlarda müqəddəs Məkkə ziyarətindən məhz Gülarə xanımın adına gətirdiyi hədiyyələri ona təqdim etib. Milli Məclisin deputatı, “Cabir Novruz” Mədəniyyət Fondunun üzvü, Hacı Salayev ölməz söz sərrafi, ədəbiyyatımızın möcüzəsi, şərqin Şekspiri sayılan Cəfər Cabarlının evində qonaq olduğundan sonsuz qürur hissi keçirdiyini xüsusi vurğulayıb. Bu müqqədəs ocağın ailə üzvlərinə, o cümlədən Gülarə xanım Cabbarlıya uzun ömür yaşamasını diləyib və ona gül dəstəsini təqdim edib.

Tədbirdə “Cabir Novruz” Mədəniyyət Fondunun vitse-prezidentləri Məhərrəm Abdulov və Şahin Əliyev, professor Abbasqulu Nəcəfzadə, əməkdar jurnalist Qafar Əsgərzadə, Mədəniyyət və Turizim nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri Sənan Talıbov, Yazıçılar Birliyinin üzvü Müşfiq Cabiroğlu və başqaları çıxış edərək öz arzularını və xoş niyyətlərini Gülarə xanıma çatdırıblar.

Tarda Məhərrəm, kamançada Abbaqulu Nəcəfzadə qardaşlarının müşaiəti ilə gənc və istedadlı xanəndə Mirələm Mirələmov sözləri və musiqisi Cəfər Cabbarlıya məxsus olan mahnıları yüksək ustalıqla ifa edib.

Gülarə Cabbarlı belə bir nəcib təşəbbüə görə “Cabir Novruz” Mədəniyyət Fondunun rəhbərliyinə və üzvlərinə dərin minnətdarlığını və təşəkkürünü bildirərək deyib ki, “Bu görüş mənim həyatımda ən yaddaqalan görüşlərdən biridir. Məhz ona görə ki, mən bu gün əzizlərim, doğmalarımla bir yerdəyəm. Yeri gəlmişkən qeyd edim ki, bu tədbir mənə yaşamaq eşqi bəxş etdi. Atamla bağlı xatirələrimi yenidən yaşadım. Bu ocaqda Xalq şairləri Nəbi Xəzrinin, Cabir Novruzun, tanınmış yazıçılar Seyfəddin Dağlının, Şəmsəddin Abbasovun, Xalq artistləri Əliabbas Qədirovun, Ağaxan Abdullayevin, unudulmaz diktorumuz Aydın Qaradağlının, qardaşım Aydın Cabbarlının müqəddəs ruhları gözlərimin önündə canlandı, həmcinin SSRİ xalq artisti Zeynəb Xanlarova ilə olan xatirələr yada düşdü…”

Sonda ailə üzvləri adından Cəfər Cabbarlı ev müzeyinin direktoru, Qəmər Seyfəddinqızı qonaqlara minnətdarlığını bildirib, belə görüşlərin mütamədi keçirilməsini arzulayıb.