Luvr muzeyində azərbaycanlı rəssamlarla görüş olub

22 Oktyabr 2017 05:21 (UTC+04:00)

Luvr muzeyinin Karusel salonunda 21-ci “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi davam edir. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Karusel salonunda azərbaycanlı rəssamlarla görüşüb, onların pavilyonlarına baş çəkib, sərgilənən əsərlərə baxıb.

Görüşdə diplomat Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin Fransada təşviqi istiqamətində həyata keçirdiyi layihələri xatırladıb. Belə sərgilərin əhəmiyyətinə toxunub, bu cür tədbirlərin mədəniyyətimizin, rəssamlarımızın ölkəmizin sərhədlərindən kənarda tanınmasına böyük töhfə verdiyini qeyd edib.

Söhbət zamanı gələcəkdə belə sərgilərə daha çox rəssamların cəlb edilməsinin vacibliyi vurğulanıb. Rəssamlar sərgilənən əsərləri barədə məlumat veriblər.(AZƏRTAC)