Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətləri sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanan Manvel Mamikonoviç Sarıbekyanın intihar etməsi barədə birgə məlumat yayıblar. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Manvel Sarıbekyan oktyabrın 5-də gecə saat 3-də intihar edib.
Fakt üzrə Bakı Hərbi Prokurorluğunun əməkdaşları, məhkəmə tibb eksperti və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış və meyitin xarici müayinəsi keçirilib. Müayinə zamanı müəyyən olunub ki, Manvel Sarıbekyan müvəqqəti saxlama yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asıb.
Prokuror kriminalistin, məhkəmə tibb ekspertinin və hal şahidlərinin iştirakı ilə meyitin xarici müayinəsi zamanı Manvel Sarıbekyanın boyun nahiyəsində özünü asmağa tam xarakterik olan stranqulyasiya şırımı aşkar edilib. Məhkəmə tibb ekspertinin ilkin rəyinə əsasən onun bədən səthində başqa heç bir xəsarət izi və ya zorakılıq əlamətləri aşkar olunmayıb.
Araşdırma üzrə məhkəmə tibbi, məhkəmə trassoloji, məhkəmə kriminalisti və fiziki-kimyəvi ekspertizası təyin olunub. Hazırda fakt üzrə araşdırma aparılır və nəticəyə uyğun da qərar qəbul ediləcək.