Daha iki neft yatağı “Peşmərgə”dən geri alındı

21 Oktyabr 2017 10:56 (UTC+04:00)

İraqın hökumət qüvvələri iki neft yatağını “Peşmərgə”dən geri alıb. Anadolu Agentliyi xəbər verir ki, İraq ordusu mübahisəli bölgələr sırasına olan Mosulun Zummar qəsəbəsi ilə yanaşı iki neft yatağını “Peşmərgə”den geri alıb. Zummar qəsəbəsindəki “Batme” və “Ayn Zale” neft yataqlarına nəzarət orduya keçib. Bununla da, İraq ordusunun nəzarətində olan neft quyularının sayı 44-ə çatıb.

Həmçinin hökumət qüvvələri ötən günlərdə iki neft şirkəti ilə yanaşı, 10-dək xüsusi əhəmiyyət daşıyan neft quyusunu heç bir qarşıdurma yaşanmadan “Peşmərgə”dən geri alıb və quyuların rəsmi Bağdadın nəzarətinə keçməsini təmin edib.

Kərkükdə neft sektoruna nəzarət üçün xüsusi komitə yaradılıb. Bu barədə İraqın Neft Nazirliyinin sözçüsü Asım Cihad deyib. O bildirib ki, Kərkükdə neft istehsalı sektorundakı vəziyyətin qiymətləndirilməsi və inkişafı ilə bağlı xüsusi komitə yaradılıb.

Nazirliyin bəyanatında isə qeyd edilir ki, İraqın neft naziri Cabbar Əli əl-Layibi Kərkükdə neft istehsalı üzrə fəaliyyətin monitorinqi və qiymətləndirilməsi, o cümlədən də bölgənin neft sənayesinin inkişafı məqsədilə mümkün olan ən qısa müddətdə təklif və təşəbbüslər hazırlamaq üçün “Şimal Neft Şirkəti”nin (NOC) balansında yaradılmış komitənin işinə birbaşa nəzarət edir.