Füzulidə əkin sahəsində top mərmisinin partlamış hissəsi tapılıb

21 Oktyabr 2017 01:05 (UTC+04:00)

Oktyabrın 20-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun “Şpartı” adlanan ərazisində bir ədəd partlamamış hərbi sursatın olması barədə məlumatlar daxil olub. ANAMA-nın məlumatında deyilir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə bir əkin sahəsinə baxış keçirilib. Aparılan təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində top mərmisinin partlamış giliz hissəsi aşkarlanıb. Həmin sursat götürülərək agentliyin mərkəzi məhvetmə ərazisindəki metal toplama sahəsinə daşınıb.

Aşkarlanmış partlamış giliz hissəsinin ətrafında 800 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Agentlik tərəfindən yanvarın 1-dən oktyabrın 20-dək, ümumilikdə, 7136 partlamamış hərbi sursat, tank əleyhinə 200 mina və piyada əleyhinə 32 mina aşkarlanaraq zərərsizləşdirilib. Cəmi 4 milyon 727 min 797 kvadratmetr ərazi yoxlanılıb.