Gürcüstanda deputatlığa namizəd güllələnib

20 Oktyabr 2017 06:01 (UTC+04:00)

Oktyabrın 19-da axşam saatlarında Gürcüstanın azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunun Qızılhacılı kəndində deputatlığa namizəd güllələnib.

AZƏRTAC xəbər verir ki, naməlum şəxslər Qızılhacılı kəndindəki seçki qərargahının önündə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından rayon bələdiyyə üzvlüyünə majoritar namizəd irəli sürülən Ceyhun Çovdarovu güllələyiblər. Məlumata görə, deputatlığa namizədin dostları Anar Məmişov, Vüqar Bayramov və C. Çovdarovun qayınatası Azad Çobanov da güllə yarası alıblar.

Yaralanan şəxslər təcili olaraq xəstəxanaya çatdırılıb. Yaralılardan Ceyhun Çovdarov və Vüqar Bayramovun vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törədənlər haqqında məlumat yoxdur. Gürcüstan DİN faktla bağlı araşdırma aparır.