"Biz bir daha yəqin etdik ki, Milli Onkologiya Mərkəzi öz statusuna müvafiqdir"

20 Oktyabr 2017 00:03 (UTC+04:00)

2015-ci il yanvarın 19-da Azərbaycanın və bütün Qafqaz regionunun aparıcı onkoloji müəssisəsi olan Milli Onkologiya Mərkəzi və Belçikanın “Orfit Industries” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Həmin sazişə əsasən Milli Onkologiya Mərkəzinə tədris-sınaq mərkəzi statusu verilib. Bu sənəd tərəfdaşlar arasında əməkdaşlığı genişləndirmək, müasir texnologiyaları Azərbaycana daha qısa müddətdə çatdırmaq, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparmaq imkanı yaradıb. Sazişə əsasən, klinik praktika və tədqiqatların, o cümlədən elmi-maarifçilik tədbirlərinin təşkil edilməsi nəzərdə tutulur. Beynəlxalq tədris-sınaq mərkəzi statusu yalnız o klinikalara verilir ki, onlar ən müasir tibbi avadanlıqla təchiz edilsin, xəstələrin diaqnostikası və müalicəsi sahəsində zəngin təcrübəyə malik yüksəkixtisaslı mütəxəssisləri olsun. Avropanın yalnız 7 ölkəsində belə klinikalar var. Bu fakt Azərbaycan Onkologiya Mərkəzinin səviyyəsini bir daha təsdiq edir. Bu gün biz bir daha yəqin etdik ki, Milli Onkologiya Mərkəzi öz statusuna müvafiqdir. Yuxarıda deyilənləri nəzərə alaraq, əməkdaşlıq haqqında müqavilənin müddətini daha 5 il uzatmaq qərara alındı. “Orfit Industries” şirkəti Milli Onkologiya Mərkəzinin modernləşdirilməsini və şüa terapiyası şöbəsində çalışan həkimlərin öyrədilməsini davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, “Orfit Industries” şirkətinin prezidenti Stiven Kaypers bu fikirləri jurnalistlərə müsahibəsində söyləyib.

Belçika şirkətinin prezidenti rəhbərlik etdiyi firmanın fəaliyyəti barədə də məlumat verib. Stiven Kaypers sonda deyib: “Orfit Industries” şirkəti şüa terapiyası zamanı xəstələrin immobilizasiyasını və yerləşdirilməsini təmin edən sistem və avadanlıqların təchizatçısı kimi bütün dünyada tanınır. Şirkətin termoplastik maskaları xəstənin düzgün və rahat immobilizasiyasını təmin edir. Bu maskaların sayəsində xəstənin bədəninin hətta 1,5 mm-dən kiçik ölçülü hissəsinə yaxınlaşmaq mümkün olur. Nəticədə həm müalicənin effektivliyi artır, həm də şişi əhatə edən sağlam toxumanın şüa ilə zədələnməsinin qarşısı alınır. Bundan əlavə, “Orfit Industries” şirkəti elmi tədqiqatlar və araşdırmalarla da məşğul olur. Klinik tədqiqatlarla məşğul olan tərəfdaşlarla əməkdaşlıq barədə müxtəlif sazişlər “Orfit” şirkətinin əlyetərli təkmilləşdirilmiş məhsullar yaradılması sahəsində dünya bazarında texnoloji liderliyi əldə saxlamasına imkan yaradır. Klinik institutlarla əməkdaşlıq tibbi avadanlığın klinika şəraitində yoxlanması üçün çox faydalı və vacibdir”.