Qabi: "Qarabağ" istənilən komandaya başağrısı ola bilər" AÇIQLAMA

19 Oktyabr 2017 14:51 (UTC+04:00)

Bakıda təmsilçimiz “Qarabağ”ın müqavimətini qıra bilməyən (0:0) “Atletiko”nun kapitanı Qabi ölkəsinin “Marca” nəşrinə açıqlama verib. SİA-nın məlumatına görə, o, oyunla bağlı bunları bildirib: "İlk hissədə qol imkanlarımız olsa da, bundan istifadə edə bilmədik. Matçın ikinci hissəsi göstərdi ki, "Qarabağ" istənilən komandaya başağrısı ola bilər”.

Futbolçu yer aldıqları qrupun çox güclü olduğunu qeyd edib: "Əsl həqiqət budur. Bundan sonrakı matçlarda qələbə qazanmalıyıq. Amma öncə Çempionlar Liqasında ilk qalibiyyətimizi əldə etməliyik".

Qeyd edək ki, dünənki nəticələrdən sonra “Qarabağ”ın yer aldığı C qrupunda “Çelsi”nin 7, “Roma”nın 5, “Atletiko”nun 2, təmsilçimizin isə 1 xalı var.