Bakıda cinayətlər törətmiş şəxslər tutulub

18 Oktyabr 2017 15:08 (UTC+04:00)

Bakıda çoxsaylı cinayətlər törətmiş şəxslər tutulub. SİA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Fəqan Qafarovun ətrafında Bakı Şəhər BPİ Cinayət Axtarışı İdarəsininin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Möhübbət Əliyevlə birgə cari il iyun-sentyabr ayları ərzində paytaxt sakinləri olan 4 nəfərin çantalarından, habelə 1 nəfərin cibindən pul, mobil telefon və sənəd oğurlaması müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri ilə M.Əliyev tutulub.

Bundan başqa Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da Bakı şəhər sakini Rəşad Əbdülrəhmanovun pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Məlikov tutulub.

Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri tədbirlərlə isə oktyabrın 7-də rayon ərazisində “Ford” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakışəhər sakini, əvvəllər məhkum olunmuş Kamal Yusifov saxlanılıb.

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Asif Qalimovun ətrafında Nərimanov RPİ 18-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin iyul ayı ərzində rayon ərazisində 2 avtomobildən 40 manat pul, məişət əşyası və sənəd oğurlaması müəyyən edilib.