"Heydər Əliyev və Müasir Azərbaycan" Dəyirmi masa

18 Oktyabr 2017 14:59 (UTC+04:00)

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) 25 illik yubileyi ilə əlaqədar YAP Səbail rayon təşkilatının və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə "Heydər Əliyev və Müasir Azərbaycan" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə millət vəkilləri, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin, "91-lər"in üzvləri və digər şəxslər iştirak ediblər.

Tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Dəyirmi masada Ulu Öndər Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

İlk çıxış edən M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, dünyada xalqın, millətin, dadına çatan şəxsiyyətlər olub ki, onlardan da biri Ulu Öndər Heydər Əliyevdir: "O, Azərbaycan xalqı üçün kifayət qədər, tarix boyu anılacaq xidmətlər edib. Məhz bunun nəticəsidir ki, bu gün Ulu Öndərin adı Azərbaycanla qoşa çəkilir".

K.Tahirovun sözlərinə görə, Ulu Öndər müasir Azərbaycanın memarıdır: "Onun ən böyük arzusu müasir Azərbaycanın qurulması olub. Bugünkü Azərbaycanın uğurlarının təməlində Ulu Öndərin xidmətləri dayanır. Milli Kitabxananın da yenidən qurulması Ümummilli Liderin tapşırığı ilə həyata keçirilib. Ulu öndər Heydər Əliyev 4 dəfə Milli Kitabxanada olub və hər gələndə kitabxanaya öz şəxsi kitabxanasından kitablar hədiyyə edib. Hazırda həmin kitablar ən dəyərli sərvət kimi qorunub saxlanır. Bu gün gənclərimiz həmin kitablardan çox şey öyrənir".

Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev söyləyib ki, bugünkü dəyirmi masa YAP-ın 25 illik yubileyinə həsr olunan silsilə tədbirlərdən biridir: "Müstəqillik hər bir xalqın tarixində çox önəmli yer tutur. Müstəqilliyi itirmək yox olmaq deməkdir. Azərbaycan 1918-ci ildə müstəqilliyini ilk elan edən dövlət olub. Lakin o zaman obyektiv və subyektiv səbəblərdən müstəqilliyimizi itirdik. Lakin 90-cı illərin əvvəlində biz bunu yenidən bərpa etmiş olduq. Bu böyük tarixi hadisə idi".

90-ci illərin əvvəllərində Azərbaycanın xaos vəziyyətində olduğunu deyən təşkilat sədri söyləyib ki, həmin dövrdə ölkəmiz artıq müstəqilliyini itirmək ərəfəsində idi: "Belə bir vəziyyətdən ölkəmizi Ulu Öndər Heydər Əliyev qurtarmış oldu. Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qaydan Ümumilli Lider qısa zamanda ölkəmizdə bir sıra problemlərin qarşısını almağa nail ola bildi".

Daha sonra çıxış edənlər YAP-ın yaranma tarixindən söz açıblar.

Dəyirmi masa müzakirələr əsasında davam edib.