Bu gün "Qarabağ" daha bir dünya nəhəngini qəbul edəcək

18 Oktyabr 2017 10:02 (UTC+04:00)

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “C” qrupunda Ağdamın “Qarabağ” komandası Bakıda İspaniyanın “Atletiko Madrid” klubu ilə qarşılaşacaq. SİA-nın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçiriləcək oyunu fransalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Ruddi Buke olacaq. Ona yan xətt hakimləri Giyom Debar və Frederik Kano kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bertran Juanno yerinə yetirəcək. Əlavə hakimlər Amori Deleru və Fransua Letesye olacaq.

Komandamız oyuna ciddi hazırlaşıb. “Qarabağ” güclü rəqibi ilə qarşılaşmada gözəl oyun göstərərək xal qazanmağa çalışacaq. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov komandanın meydanda öz oyununu sərgiləməyə çalışacağını deyib: “Rəqib komanda barədə çox danışmağa ehtiyac yoxdur. “Atletiko Madrid”i hamımız yaxşı tanıyırıq. Rəqib son 4 ildə iki dəfə UEFA Çempionlar Liqasının finalına yüksəlib və İspaniya çempionluğunu qazanıb. “Atletiko Madrid”in oyunlarına baxmışıq, özünəməxsus oyun üslubu, dəstxətti olan komandadır. Biz ən azı yaxşı mübarizə göstərməyə, meydanda öz oyunumuzu sərgiləməyə çalışacağıq. Çox istərdik ki, sabahkı matçda da azarkeşlər tribunaları doldursunlar”.

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone isə komandasını “Qarabağ”la çətin oyun gözlədiyini bildirib: “UEFA Çempionlar Liqasında keçirdiyimiz ilk iki oyun bizim üçün uğursuz olsa da, sabah komandamızın qələbə qazanacağına inanıram. Sabah qalib gəlmək bizim üçün çox vacibdir. Bizi çətin oyun gözləyir. “Qarabağ” meydana fərqli taktika ilə çıxır, komandanın hücum xəttində və cinahlarında bizim üçün təhlükə yarada biləcək oyunçular var. Xüsusilə Miçhel Almeydanı vurğulaya bilərəm”.

Qeyd edək ki, aiddiyyatı dövlət qurumları da sözügedən matçla əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək, azarkeşlərin təhlükəsizliyini və rahat gediş-gəlişini təmin edəcəklər.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev vurğulayıb ki, sərnişinlərin təhlükəsiz daşınması üçün bütün zəruri tədbirlər görüləcək: “Qarabağ”ın oyunu zamanı sadəcə “Koroğlu” metro stansiyası deyil, digər stansiyalarda da gücləndirilmiş iş rejimi tətbiq ediləcək. Həmçinin “Koroğlu” metro stansiyasında sərnişin axınına nəzarət etmək üçün müxtəlif tədbirlər görüləcək. Şəraitə uyğun olaraq stansiyaya giriş-çıxışların yerləri dəyişdirilə bilər.

Sərnişinlərin təhlükəsiz daşınması üçün əlavə mexanizm, canlı qüvvə və eyni zamanda ehtiyat qatarlar cəlb olunacaq. Oyun keçirilən gün saat 18:00-dan etibarən sərnişin axını tam nəzarətdə olacaq. Bakı metrosu oyundan çıxan bütün sərnişinləri qəbul etmək iqtidarındadır. Sərnişin çox olarsa, axın nizamlanacaq və sərnişinlər müəyyən gözləmələrlə stansiyaya qəbul ediləcək. Bakıda keçirilən mötəbər idman oyunlarında da bu tətbiq edilib”.

“Qarabağ”-“Atletiko Madrid” oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi də gücləndirilmiş iş rejimində çalışacaq. Qurumun İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, eləcə də digər metro stansiyalarının ətrafındakı dayanacaqlarda marşrut xətlərinin fəaliyyətinə nəzarətin əlavə canlı qüvvə cəlb edilməklə gücləndiriləcəyini qeyd edib: “Oyundan sonra “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin vaxtında, rahat və təhlükəsiz daşınması əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq təmin ediləcək. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən şəhər mərkəzi, həmçinin ətraf kənd və qəsəbələrə xidmət edən 32 marşrut xətti üzrə avtobusların hərəkət intervalı əlavə nəqliyyat vasitələri cəlb edilməklə maksimum dərəcədə azaldılacaq. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən istifadə edəcək azarkeşlərə hərəkətin təhlükəsizliyi ilə bağlı bəzi qaydalara mütləq şəkildə əməl etməyi tövsiyə edirik”.

Xatırladaq ki, “Qarabağ” C qrupunda “Çelsi”, “Roma” və “Atletiko” ilə mübarizə aparır. Hazırda “Çelsinin 6, “Roma”nın 4, “Atletiko”nun 1 xalı var. Dünyanın nəhəng futbol klubları ilə mübarizə aparan Ağdam təmsilçisi bu komandalarla qarşılaşmalarda gözəl oyunu ilə seçilir. Komandamız bu klublardan xal almaq üçün bütün gücü ilə mübarizə aparır.

Bu gün C qrupunda həmçinin “Çelsi” “Roma”nı qəbul edəcək.

Qeyd edək ki, “Qarabağ”-“Atletiko Madrid” oyunu saat 20:00-da başlayacaq.