“Ziyalı sözü”nün növbəti qonağı Şəhriyar del Gerani olub

17 Oktyabr 2017 18:05 (UTC+04:00)

Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Yazıçılar Birliyinin birgə həyata keçirdiyi "Ziyalı sözü" layihəsinin növbəti görüşü keçirilib. Təhsil Mərkəzindən SİA-ya verilən məlumata görə, layihənin bu dəfəki qonağı gənc şair Şəhriyar del Gerani olub.

Binəqədi rayon Gənclər evində baş tutan görüşü giriş sözü ilə açan GTM-in və layihənin rəhbəri Fəxrəddin Həsənzadə layihənin məqsədi haqqında geniş məlumat verib, Şəhriyar del Gerani yaradıcılığından söz açıb: “Bildiyimiz kimi, Yazıçılar Birliyi öz daxilində Gənc Ədiblər Məktəbi yaradıb. Hansı ki, orada gənc yazarlar hər dəfə bir şair, yazarla görüşüb, ondan ustad dərsləri alırlar. Ancaq bizim “Ziyalı sözü” layihəmizin iştirakçıları olan yazar deyil, sadəcə ədəbiyyata marağı, sevgisi olan gənclərdir. Bu layihənin qonaqları da iştirakçılarımızın istəyi ilə seçilir. Fikrimcə, bu günkü qonağımız Şəhriyar del Geranini ən yaxşı xarakterizə edən böyük şairimiz Vaqif Səmədoğlu olub. O deyib ki, Şəhriyar həbsxanaya düşüb azadlığını itirəndə də, həyata düşüb anasını itirəndə də onu ədəbiyyat qazandı. O, sözün bütün mənalarında tək qalmağı bacaran şairdir. Mənim qədər tənhalığını sevən insan onun darıxmağına qibtə edirəm. Ən əsası isə o, tənhalığını və darıxmağını ədəbiyyata çevirməyi bacarır”.

Görüş iştirakçılarının daha çox xanımlar olmasına diqqət çəkən Şəhriyar del Gerani deyib ki, Azərbaycanda şeiri, ədəbiyyatı daha çox sevən, oxucu kontingentinin adətən qadınlardan ibarət olması daha gözəldir. Çünki qadın kitab oxuduqda, ədəbiyyatla maraqlandıqda onu ailəsində övladlarına da aşılaya bilir. Daha sonra qonaq ədəbiyyat, şeir, çağdaş Azərbaycan və dünya poeziyası, oxucu-yazar münasibətləri haqqında fikirlərini bölüşüb: “Ədəbiyyat yarış meydançası deyil. Mən də heç zaman böyük şair olmaq iddiasına düşməmişəm. İnsan ya şair olur, ya da yox. Sözlə davranmağı, ədəbiyyatla yaşamağı, həyatı, düşüncəsi, taleyi şair olan insanlar var”.

Daha sonra qonaq tədbir iştirakçılarının suallarını cavablandırıb, görüş diskussiya şəklində davam edib.

İlk romanı “İntihar hörüyü”nün yazılma səbəbi ilə bağlı suala cavab verərkən şair deyib ki, struktur və təhkiyə baxımından orijinal olmasına baxmayaraq, mənə görə o roman alınmayan əsərdir: “O romanı həm 2013-cü ildə yazmışam. 2012-ci ildə İranda həbsdə olarkən o romanın ideyası, düşüncələri, strukturu beynimdə yaranmışdı. O roman həm də rəssamlıq qabiliyyəti olan bir jurnalistin həyatından bəhs edir. Onun yazılma səbəbini, düşüncənin haradan gəldiyin bilmirəm. Təhkiyə və struktur baxımından orijinaldır. Düşünürəm ki, bir az da üstündə çalışıb, bir az da işləyib daha gözəl roman halına gətirmək olardı. Təəssüf ki, həm yaşımın, həm də düşüncələrimin formalaşmamış vaxtına düşdü. Sonradan o roman üzərində işləyib, yenidən çap etdirmək təklif olunsa da, mən bitmiş heç nəyə yenidən qayıtmıram, heç kimə də bunu tövsiyə etmirəm”.

“Özünüzün şah əsəriniz hesab etdiyiniz şeiriniz varmı?”-sualına şair deyib ki, ən çox sevdiyim iki essem və ona yaxın şeirim var ki, mən onları oxucu kimi oxuyanda zövq alıram və düşünürəm ki, o şeirlər Azərbaycan ədəbiyyatı tarixində qalası şeirlərdir. Həmin şeirlərə misal olaraq, Ş.Gerani “Bütün küçə uşaqlarına ithaf”, “Təkliyi çoxalanların şeiri”, “Qəfil qəribsəyir adam” şeirlərinin adını çəkib.

Görüşdə gənc şair bir müddət öncə qatıldığı X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalı haqqında da danışıb: “Bildiyimiz kimi, oktyabrın 3-dən 7-nə kimi şair dostum Fərid Hüseynlə birgə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bəyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında iştirak etdik. Festival Türkiyənin poeziya adına keçirilən ən böyük beynəlxalq festivalıdır. Festivala Türkiyədən 30, xaricdən isə 20 gənc şair və yazıçı qatılmışdı. Grand Pera zalında təşkil olunan böyük açılış mərasimində mənə də söz verdilər. Mən də "Küçə uşaqlarına ithaf” şeirimi Türkiyə türkcəsində oxudum. Şeir tədbir iştirakçıları tərəfindən çox böyük maraqla qarşılandı. Orada bütün iştirakçıların kiçik bioqrafiyası və bir bəndlik şeirindən ibarək kiçik jurnal hazırlanıb hər kəsə paylanmışdı. Mən şeir oxuyub kürsüdən enəndən sonra 15-20 nəfər mənim həmin jurnalda 169-cu səhifədə yer alan şeirimin altında onlar üçün imza atmağımı istədilər. Şairə, yazıçıya bu sevgi, bu maraq mənə çox xoş gəldi. Orada şairə daha böyük qiymət var”.

Türkiyəli yazarlara milli ədəbiyyatımızdan, nəşriyyatların iş prinsipindən danışdıqlarını deyən şair, bəzi gələcək planlar haqqında da məlumat verib: “Mən çox istərdim ki, Azərbaycanda beynəlxalq ədəbiyyat festivalı təşkil edilsin. Mən bunun üçün ən yuxarı qurumlara da müraciət edəcəm, bu işdə bizə şərait yaradılmasını istəyəcəm. Bizim bütün dünya poeziyasına meydan oxuyacaq Nizami Gəncəvi kimi şairimiz var. Festival da onun doğulduğu, yaşadığı Gəncə şəhərində başlayıb, Bakıda davam etdirilsin. Bir həftəlik böyük bir festivalın ideyası və planı artıq hazırdı. Biz bunu tək deyil, Türkiyə ilə birgə həyata keçirməyi düşünürük. Dünyaya “Nizami mənimdir”- deməyə gərək yoxdur, belə bir festival, layihə ilə bunu hər kəsə sübut edə bilərik.

Bizdə sayt mədəniyyəti olduğu kimi, orada dərgi, jurnal mədəniyyəti daha çox inkişaf edib. Bizdən azərbaycanlı şair və yazarların şeirlərini, hekayələrini istədilər ki, öz dərgilərində çap etsinlər. Biz də bir neçə yazarın adını verdik. Yəqin ki, onları sonrakı festivallara dəvət edəcəklər. Oktyabrın 27-də yeddi şəhərdə eyni vaxtda başlayacaq Dünya Gənc Şairlərinin Beynəlxalq İstanbul Görüşünə dəvət aldım. Mən çox istərdim ki, həmin görüşdə şair dostumuz Qismət iştirak etsin, ancaq təəssüf ki, onun işlərinə görə iştirakı alınmadı, yenidən mən gedəsi olacağam. Mən üç gün Sakaryadakı görüşdə olacağam. Həmin görüşün bağlanış mərasimi isə muğam ustadımız Alim Qasımovun ifası ilə bitəcək”.

Görüş iştirakçılarından Aysu Kərimova, Gülnar Xəlilova, Rəqsanə Mehdizadə və başqaları Şəhriyar del Geraninin şeirlərini oxuyublar.

Sonda şair özünün “Qollarım sənə qalxıb” şeirini səsləndirib.