Nəsimi rayonunda müstəqillik günü münasibətilə tədbir keçirilib

17 Oktyabr 2017 17:35 (UTC+04:00)

Nəsimi rayonunda Dövlət müstəqilliyi gününə həsr edilmiş silsilə tədbirlər davam edir. SİA-ya verilən məlumata görə, həmin tədbirlər çərçivəsində Nəsimi rayonu 164 saylı tam orta məktəbdə Dövlət müstəqilliyi gününə həsr olunmuş bayram tədbiri keçirilib. Məktəbin foyesində şagirdlərin kreativ əl işlərindən ibarət rəngarəng sərgi təşkil olunub.

Məktəbdə keçirilən tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov çixış edərək bildirib ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazanıb. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirilib. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşayıb. İkinci tarixi imkan bir də 70 il sonra yaranıb. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verib. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunub. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşub.

Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlayıb, müstəqilliyin ilk illərində xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşib. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, separatçılar hərəkatı müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırıb.

Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşub. Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra əldə edib. Məhz Milli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtarıb.

Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırıb. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutub. Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edən Ümummilli Lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başlayıb. Ulu Öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi. Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. Bir sözlə Azərbaycanın suveren dövlət kimi mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə, Azərbaycanın müstəqilliyi, əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.

Tədbir boyu qonaqlar 164 saylı tam orta məktəbin şagirdləri tərəfindən vətənpərvərlik mövzusunda ifa olunan şer və mahnıları dinləyib, rəqslərə tamaşa edərək,mövzu ilə bağlı video çarxları izləyiblər.