ADP imzatoplama kampaniyasında qanun pozuntularından şikayətçidir

5 Oktyabr 2010 03:28 (UTC+04:00)

""Qarabağ" siyasi partiyalar blokunun namizədlərinə qarşı bəzi rayonlarda icra strukturları tərəfindən təzyiqlər davam edir". SİA-ya Azərbaycan Demokrat Partiyasından verilən məlumata görə, 110 saylı seçki dairəsindən blokun namizədi olan, partiyanın rayon təşkilatının sədri Mübariz İsmayılovun imzatoplama kampaniyasında yerli icra strukturları problemlər yaradır.

Bildirilir ki, rayonun Suvagil kəndində namizədin lehinə imza toplanışı zamanı kəndin baytar həkimi Cəbrayıl Soltanov, onun həyat yoldaşı Cahan Soltanova, bələdiyyə və icra hakimiyyəti işçiləri (onların adlarını öyrənmək mümkün olmayıb) imza edənləri və namizədin özünü hədələyərək, seçkidən imtina etməyə çağırıblar: "Bundan əlavə imza toplayanları gün ərzində dövlət nömrəsi 62 BD 626 olan "Niva" markalı avtomobildə olan 45-50 yaşlarında iki nəfər də təqib edib. Ümumiyyətlə 110 və 111 saylı dairələrdə imza toplanışına yerli icra strukturları ciddi şəkildə maneələr yaratmağa başlayıblar və əsasən seçiciləri qorxudaraq imzalarından imtina etməyə təhrik etməklə məqsədlərinə nail olmağa çalışırlar".

 

Partiyadan verilən məlumatda həmçinin qeyd olunub ki, ATƏT-in seçkilərin Müşahidə Missiyasının üzvləri səfir Odri Qlover və siyasət üzrə təhlilçi xanım Marian Qabriel ADP sədri Sərdar Cəlaloğlu və partiyanın seçki qərargahının üzvləri ilə görüşüb.