Elşən Musayev: “Sarkisyan bəlli suallar qarşısında aciz qalır" AÇIQLAMA

17 Oktyabr 2017 12:35 (UTC+04:00)

“Əslində Ermənistan prezidenti Serj Sarkisyan Cenevrədə keçirilən bu görüşə sıradan bir protokol, estafet səbəbi ilə gəldiyini düşünürdü və əmin idi ki, ümumi söhbətlər zəminində görüş yekunlaşacaq”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Deputatın sözlərinə görə, ancaq Azərbaycan Prezidentinin hər zaman olduğu kimi bu dəfə də ortaya qoyduğu qətiyyət, prinsipial mövqe Sarkisyanı pərt vəziyyətə saldı: “Diqqət edin, Sarkisyan görüşün sonunda elə bil siyasi naqdaun yaşayıb ki, danışıqlar mərhələsinin uzadılması ilə bağlı həvəssiz olduğunu dilə gətirib, üstəlik XİN başçıları səviyyəsində işçi qrupun bu prosesi davam etdirməsinə xüsusi münasibət bildirməyib. Bilirsinizmi səbəb nədir? Səbəb odur ki, hər danışıqdan sonra Sarkisyan bəlli suallar qarşısında aciz qalır, uğursuz fəaliyyətindən dolayı erməni lobbisinin tənəsi ilə üzləşir və ən nəhayət ATƏT-in, BMT-nin və ümumilikdə Beynəlxalq Hüququn tələb etdiyi öhdəliklərə saxta don geyindirməyə məcbur olur. Çünki qatil, işğalçı olduğunun fərqindədir. Belə olan halda isə ən “uğurlu” variant gizlənmək, zaman ötürməkdir. Bilmirəm, siz bu görüşlərdə Sarkisyanın simasına diqqət eləmisiz ya yox, amma adam hər dəfəsində ya başını aşağı dikir ya siqaret çəkir, ya təbiəti seyr edir, ya fotoqraflara mənasız pozlar verir. Əlqərəz, panik vəziyyəti həmişə göz önündə olur”.

E.Musayev əlavə edib ki, İlham Əliyev dəfələrlə Sarkisyanın, Ermənistanın, beynəlxalq təşkilatların diqqətinə çatdırıb ki, sülh yalnız o halda baş verəcək ki, Azərbaycanın ərazi bütövlüyünə xələl gəlməyəcək: “Yəni, torpaqların qeyd-şərtsiz qaytarılmasından savayı variant yoxdur. Hətta Cənab Prezident o eyhamı da vurub ki, belə davam edəcəyi təqdirdə müharibə qaçılmazdır. Bu dəfə də eyni sözlərin, mesajların Ermənistan prezidentinin diqqətinə ən sərt formada çatdırdırıldığına əminəm”.