Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

16 Oktyabr 2017 19:21 (UTC+04:00)

Oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili məktəblərinə tələbə qəbulunun vəziyyəti və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib.

Naxcivantv.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib: Muxtar respublikada ali, orta ixtisas və orta təhsilin inkişafı ilə bağlı mühüm işlər görülür. Bütün təhsil pillələri üzrə müasir tədris şəraiti yaradılmış, ixtisaslar aid təşkilatlara hamiliyə verilmiş, kadr hazırlığı təmin edilmişdir. Hazırda muxtar respublikanın ali və orta ixtisas təhsili məktəblərində 100-dən çox ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Ona görə də ixtisaslı kadrlara olan tələbatın yerli mütəxəssislər hesabına ödənilməsi daim diqqət mərkəzində saxlanılmalı, ali və orta ixtisas təhsili müəssisələrinin potensialından səmərəli istifadə olunmalıdır.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək deyib ki, 2017-ci ildə ümumtəhsil məktəblərini 2973 məzun bitirib, onlardan 1496-sı ali təhsil müəssisələrinə, 239-u müxtəlif ali hərbi və xüsusi təyinatlı ali məktəblərə qəbul olunub. Ali məktəblərə qəbul olan məzunların 289-u imtahanlarda 500-700 arası bal toplayıb, onlardan 3-ü Prezident təqaüdünə layiq görülüb. 2017-ci ildə abituriyentlərdən 925-i Naxçıvan Dövlət Universitetinə, 196-sı “Naxçıvan” Universitetinə, 208-i isə Naxçıvan Müəllimlər İnstitutuna qəbul olub. 2016-2017-ci tədris ilində ümumi orta təhsil bazasından orta ixtisas məktəblərinə 629, Heydər Əliyev adına Hərbi Liseyə isə 180 nəfər qəbul olub. Muxtar respublikada təhsilin dövlət qayğısı ilə əhatə edilməsi əldə olunan uğurlu nəticələrin gələcək illərdə də davamlı xarakter alacağını şərtləndirir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Muxtar respublikada bütün sahələrdə olduğu kimi təhsilin inkişafında da ardıcıl tədbirlər həyata keçirilir. Təhsilin bütün pillələri üzrə infrastruktur yenilənir, tikilən və ya əsaslı şəkildə yenidən qurulan məktəblərin maddi-texniki bazaları gücləndirilir, onlar müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunur, məktəblərlə muzeylər arasında interaktiv dərslər keçirilir. Ümumtəhsil məktəblərində olduğu kimi, ali və orta ixtisas təhsili məktəblərində də müasir tədris metodlarının tətbiqinə xüsusi diqqət yetirilir. Məktəblər aid təşkilatlara hamiliyə verilir, elmi dərəcəsi olan müəllimlərin ümumtəhsil məktəblərində nümunəvi dərsləri təşkil edilir, dərs proseslərində elektron lövhələrdən istifadəyə üstünlük verilir, vahid geyim formaları tətbiq olunur. Bununla yanaşı ali və orta ixtisas təhsili məktəbləri üçün yeni binalar və tədris korpusları tikilir və ya əsaslı şəkildə yenidən qurulur, tələbata uyğun ixtisasların açılması təmin edilir.

Ali Məclisin Sədri deyib: Bu gün istər ali, istərsə də orta ixtisas məktəbləri ən müasir təhsil şəraitinə malikdirlər. Naxçıvan Müəllimlər İnstitutu üçün isə yeni tədris korpusu inşa olunur. Bir sözlə, ali və orta ixtisas təhsili məktəblərinin normal fəaliyyətləri üçün bütün şərait yaradılmışdır. Lakin yaradılan şəraitdən səmərəli istifadə olunmur. Əgər 2016-cı ildə məzunlarımızın 1853 nəfəri, yaxud 90,4 faizi muxtar respublikadakı ali və orta ixtisas təhsili məktəblərini seçmişdirsə, 2017-ci ildə 1782 nəfəri, yaxud 87,2 faizi muxtar respublika ali və orta ixtisas təhsili məktəblərini seçib. Artıq 3 ildir ki, ali və orta ixtisas təhsili məktəblərinin elmi dərəcəli müəllimlərinin ümumtəhsil məktəblərində nümunəvi dərsləri təşkil edilir. Bu, şagird seçimini tənzimləmək üçün də əlavə imkandır. Nümunəvi dərs keçən müəllim təhsillə yanaşı, şagirdlərdə təmsil etdiyi ali və ya orta ixtisas təhsili məktəbinə maraq da oyada bilər. Bundan əlavə ali və orta ixtisas təhsili məktəbləri dərs prosesinə mane olmamaq şərti ilə yuxarı sinif şagirdləri üçün “açıq qapı” günləri, tanışlıq ekskursiyaları da təşkil edə bilərlər. Bu gün ali və orta ixtisas təhsili məktəblərində muxtar respublikanın tələbatına uyğun ixtisaslar üzrə kadr hazırlığı aparılır. 2017-2018-ci tədris ili üçün keçirilən qəbul imtahanında muxtar respublikanın ali və orta ixtisas təhsili məktəblərində 16 ixtisas üzrə qəbul 50 faizdən aşağı olmuş, ümumilikdə isə tələbə qəbulu üzrə plan yerlərinin 13 faizi boş qalmışdır.

Ali Məclisin Sədri deyib: Hər il xarici ölkələrin məktəbləri muxtar respublikadan olan məzunları müxtəlif vədlərlə öz ölkələrində təhsilə cəlb edirlər. Təəssüf ki, o məktəblərin təyinatı və təhsil səviyyəsi barədə məzunlarımızda kifayət qədər məlumat olmur. Bu məktəblərlə müqayisədə daha yüksək təhsil və sosial şəraitə malik olan muxtar respublika ali məktəblərinin rəhbərləri isə xarici ölkələrdən tələbə təşviqi məsələsində gözləmə mövqeyində dayanırlar. Nəzərə almaq lazımdır ki, əcnəbi vətəndaşların muxtar respublikanın təhsil müəssisələrində təhsil almaları üçün ən müasir təhsil standartları və şərait mövcuddur. Əcnəbi tələbələrin ali təhsil müəssisəsində təhsil alması bir tərəfdən bu təhsil müəssisəsi üçün əlavə maliyyə dəstəyidirsə, digər tərəfdən Naxçıvanın tanıdılmasına və məktəbin reytinqinə də öz təsirini göstərir.Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutu bu sahədə fəaliyyətlərini gücləndirməli, əcnəbi tələbələrin təhsil müəssisələrinə cəlbi istiqamətində zəruri işlər görməlidirlər.

Qeyd olunub ki, müasir dövrdə hər bir ali və orta ixtisas təhsili məktəbi daha çox tələbənin cəlb olunmasına çalışmalıdır. Çox təəssüf ki, muxtar respublikanın təhsil müəssisələrində qabaqcıl ali təhsil müəssisələrindən geri qalmayan müasir infrastrukturun yaradılmasına baxmayaraq, bu istiqamətdə fəaliyyət zəifdir. Tələbə təşviqinə təsir edən əsas amillərdən biri də təhsil müəssisəsindəki tədrisin səviyyəsidir. Buna görə də ali və orta ixtisas təhsili məktəblərində müasir tədris metodlarının tətbiqinə üstünlük verilməli,kadr hazırlığına diqqət artırılmalı,tədris və istehsalat təcrübələrinin keçirilməsində hami təşkilatların bazasından və imkanlarından səmərəli istifadə olunmalıdır. 2017-2018-ci tədris ilində qeyd olunan istiqamətlərdə fəaliyyət daha da gücləndirilməlidir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.