Sabunçu rayon İcra Hakimiyyətinin dəstəyi ilə Bilgəh qəsəbəsi Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə dahi Azərbaycan şairi Məmməd Arazın doğum günü ilə bağlı "Ana yurdum, hər daşına üz qoyum..."adlı əbədi- bədii gecə keçirilib. SİA-nın məlumatına görə, tədbir Ulu öndər Heydər Əliyevin Məmməd Araz yaradıcılığına verdiyi qiyməti əks etdirən süjetlə başlayıb. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Gülnaz Abdullayeva bildirib ki, bu gün Azərbaycan ədəbiyyatına misilsiz töhfələrini vermiş Məmməd Arazın anadan olduğu gündür: “Yaşasaydı biz bu gün şairin 84 illiyini qeyd edərdik. Lakin bu gün biz təəssüflənmirik, onsuzda həyat axıcıdır, əbədi deyil. Amma Məmməd Araz öz şeriyyəti ilə Azərbaycan ədəbiyyatına böyük töhfələr verib”.
Tədbirdə iştirak edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna xanım Fərəcovaya qeyd edib ki, bu gün biz Məmməd Arazın gecəsinə yığışmışıq: “Ruhumuz mənən dincəldi. Ümid edirəm ki, bu gün Məmməd Arazın da ruhu şad oldu. Buna görə məktəbin direktoru Gülnaz xanıma ilk olaraq dərin minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, Sovet ittifaqı dağıldıqdan sonra Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən ağır günlərini yaşayırdı. Təbii ki, bu da incəsənət, mədəniyyət sahəsinə də öz təsirini göstərmişdi. Belə ki, incəsənətdə bir sıra sahələr çox ağır günlərini yaşayırdı, dərin böhran içində idi. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün sahələrdə dirçəliş olduğu kimi məhz incəsənət, mədəniyyət sahəsində dirçəliş, çiçəklənmə baş verdi. Onun əməyinin nəticəsidir ki, biz bu gün burada dahi şairimizin gecəsini qeyd edirik. Bir çoxlarınız bilirsiniz ki, o zamanlar incəsənət, mədəniyyət sahəsi elə ağır günlərini yaşayırdı ki, hətta bir sıra dahi şairlərin adını çəkməyə belə qorxurdular. Nəinki gecəsini keçirməyə, hər hansı bir şerinin misrasını deməyə belə çəkinirdilər. Amma bu gün biz burda azad, müstəqil şəkildə qorxmadan, qürurla Məmməd Arazın şeirlərini bu cür səsləndiririk. Məhz bu sahədə də Ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
Məmməd Araz şeirlərində xalqın ağır günlərini, nisgilini, fəryadını, Vətən həsrətini əks etdirirdi ki, məhz bu gün bunu bu gənclərimizin həyəcanlı, titrək səslərində hiss etdik. Gözəl anlar yaşadıq. Buna görə məktəbin rəhbərliyinə və bu tədbirdə əməyi olan hər bir kəsə, xüsusilə də bizim uşaqlarımıza, gənclərimizə dərin təşəkkürümüzü bildiririk”.
Məktəbin dil-ədəbiyyat müəllimləri Nahidə Məmmədova “Məmməd Arazın həyatı”, Mələksima Quliyeva “Məmməd Arazın yaradığılığı”, Səhyəddin Quliyev “Məmməd Araz yaradıcılığında vətənpərvərlik tərbiyəsi”, Kəmalə Allahverdiyeva “Məmməd Araz poeziyasında təbiət gözəlliklərinin tərənnümü” mövzusunda məruzə ediblər.
Məktəbin 11-ci sinif şagirdlərindən Uster Burhan, Uster Ayşənur, Ələsgərzadə İranə, 10-cu sinif şagirdləri Bayramzadə Əli, Hüseynli Kənan, Əlbəndəyev Sevin, Qocayev Cəfər, 5-ci sinif şagirdləri Nəzrin, Günay, Safurə, Zenfira şairin şeirlərini söylədilər. 11-ci sinif şagirdi Ağazadə Nurlan, Quliyev Şirzad Məmməd Arazın sözlərinə yazılmış mahnıları ifa etdilər.
Tanımış muğam ustası Hüseyn Məlikovdan ibarət üçlüyün ifa etdiyi xalq mahnısı da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbirdə iştirak edən Məmməd Arazın qardaşı-yazıçı Əbülfəz İnfiloğlunun kürəkəni, "Sabaha inamla" qəzetinin baş redaktoru Namiq Məmmədli çıxış edərək Məmməd Arazın doğma yurda, ata ocağına sevgisindən, onun məğrurluğundan, əyilməzliyindən, sınmazlığından, poeziyasının qüdrətindən, əbədiyaşarlığından danışıb, tədbirin təşkilatçılarına Məmməd Araz ailəsi adından öz təşəkkürünü bildirib.