“Həmsədrlərin məqsədi prosesi uzatmaqdır”

16 Oktyabr 2017 10:02 (UTC+04:00)

“Azərbaycan və Ermənistan prezidentlərinin oktaybrın 16-da baş tutacaq görüşü ilə bağlı ilk növbədə onu qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev dəfələrlə Azərbaycan tərəfinin danışıqlar xətrinə danışıqlara getmək istəmədiyini vurğulayıb”. Bu fikirləri SİA-ya ekspert Seymur Süleymanov sözügedən məsələyə münasibətini bildirərkən deyb.

Onun fikrincə, aparcı ölkələr işğalçı tərəfə təzyiqlər etmir və çalışırlar ki, hazırkı "status-kvo"nu uzada bildikləri qədər uzatsınlar: “Belə olan halda baş tutacaq görüşün nəticə verməyəcəyini proqnozlaşdırmaq olar. Həmişə problemin həllinin başlanğıcını erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasında görüblər. ABŞ-ın mövqeyi anti-Rusiya xarakterli olduğundan, məqsəd bölgədə Rusiyanı zəiflətməkdir. Göründüyü kimi, ümümi maraqlar işğal olunmuş Dağlıq Qarabağ üzərinə deyil, birbaşa Rusiyaya qarşı köklənibdir”.

Ekspert xatırladıb ki, illərdir Minsk qrupunun fəaliyyətini tənqid edirik, məhz bu baxımdan, düyünlənmiş proses yalnız ABŞ, ya da Fransa ilə həll edilməməlidir: “Biz məsələnin Rusiya ilə də həllinə vara bilərik. Burada bir çox ziddiyyətli məqamlar mövcuddur. Əgər ABŞ 2018-ci ildə Ermənistana ayırdığı maliyyə yardımını 3 dəfə çox artırıbsa və təkcə 2016-cı ildə 20,4 milyon dollar məbləğində yardım ayırıbsa, o zaman ABŞ-la məsələnin ədalətli həllinə necə nail ola bilərik? Digər tərəfdən Fransa qeyri-müəyyən, tərəddüdlü davranışlar nümayiş etdirsə də, ölkəmizin ərazi bütövlüyü məsələsində bizi dəstəkləyir. Ancaq bu illər ərzində Fransa tərəfindən heç bir uğurlu addım atılmayıb. Səbəbi çox bəsitdir. Çünki aparıcı ölkələrin yeganə məqsədi hər görüşdə bölgədə müəyyən qədər sakitlik yaratmaq, atəşkəsin pozulmasının qarşısını almaqdır”.

S.Süleymanova görə, onlar hər iki ölkədən bu zəmanəti almaq istəyirlər: “Onların məqsədi stabilliyə nəzarəti gücləndirərək, prosesi uzatmaqdır. Lakin bu, bizi qane edə bilməz. 20 ildən çoxdur ki, yalnız bunu düşünürlər. Belə olacağı halda, budəfəki görüşdən müsbət nəticə gözləməyə dəyməz. Əgər real təkliflər olsa, beynəlxalq arenada Ermənistana təzyiq müşahidə edilsə, əlbəttə ki, hansısa nəticəyə vara bilərik. Əgər yox, bu görüş də öncəkilər kimi danışıqlar naminədirsə və bölgədə sakitlik yaratmaq məqsədi güdürsə əlbəttə, bu, bizi qane etməyəcək” .

Rövşən NURƏDDİNOĞLU