Jurnalistlər "Azərişıq" ASC-nin qışa hazırlıq işləri ilə tanış olub

15 Oktyabr 2017 16:14 (UTC+04:00)

“Azərişıq” ASC 20 Oktyabr - "Energetika günü" münasibətilə “Şimal-Qərb” RETSİ-də qışa hazırlıq və cəmiyyət tərəfindən görülən işlərlə tanışlıq məqsədilə jurnalistlər üçün ikigünlük infotur təşkil edib.

SİA-nın verdiyi məlumata görə, oktyabrın 14-də Şamaxı və İsmayıllı rayonlarından başlanmaqla iki gün davam edəcək infoturda müxtəlif informasiya agentlikləri, xəbər saytları, radio və televiziyaların əməkdaşlarından ibarət 30 nəfər iştirak edir.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müşayiəti ilə reallaşan infoturun iştirakçıları əvvəlcə Şamaxı rayonunda Sabir qəsəbəsinin 10/04 kilovoltluq hava xətlərinə, 2 qəsəbə və 8 kəndə xidmət edəcək 35/10 kilovoltluq, “Yeni Şamaxı” yarımstansiyasına çəkiləcək ikidövrəli 35 kilovoltluq hava xəttinə və 35/10 kilovoltluq “Meysəri” yarımstansiyasından çıxan ikidövrəli 10 kilovoltluq “Şirvan şərabları” hava xəttinə baxış keçiriblər.

Jurnalistlərə baxış keçirilən sahələr barədə, eləcə də rayonda qışa hazırlıqla bağlı görülən işlər haqda məlumat verilib, suallar cavablandırılıb. Bildirilib ki, Şamaxı elektrik şəbəkəsində mərhələli olaraq yenidənqurma işləri aparılır. 10/0,4 kilovoltluq 392 ədəd transformator cari, 34-ü isə əsaslı təmir edilib. 110/35/10 kilovoltluq Şamaxı, habelə Pirqulu, Çarhan, Çuxuryurd, Meysəri yarımstansiyalarından çıxan hava xətlərində 252 ədəd yeni beton və dəmir-beton dayaqlar basdırılmaqla, 12,6 kilometrdə təmir və yenidənqurma işləri aparılıb. 16 qəsəbə və kənddə 12 min 744 kilometr məsafədə ötürməyə davamlı izolyasiyalı naqillər çəkilib.

Sonra jurnalistlər İsmayıllı rayonuna gəliblər. Burada 35/10 kilovoltluq yeni Basqal yarımstansiyasına, bu xətdən çıxan 2 dövrəli 10 kilovoltluq yeni Basqal xəttinə baxıblar. Burada media nümayəndələrinə yenidənqurma işləri barədə ətraflı məlumat verilib. İsmayıllı elektrik şəbəkəsi üçün tikilən və hər cür iş şəraiti olan təzə bina ilə tanışlıq da infotur iştirakçılarında zəngin təəssürat doğurub.

İnfotur bu gün Qəbələ, Oğuz və Şəki rayonunda davam etdiriləcək.