Çingiz Mustafayev Fondu “Vətənpərvər kimdir?” inşa müsabiqəsi elan edir

4 Oktyabr 2010 21:25 (UTC+04:00)

Çingiz Mustafayev Fondu, ANS Şirkətlər Qrupu və Gənclər üçün Təhsil Mərkəzi "Çingiz Mustafayevin 50 illiyinə" həsr olunmuş "Vətənpərvər kimdir?" adlı inşa müsabiqəsini elan edir.

SİA-nın məlumatına görə, müsabiqənin məqsədi məktəblilərin vətənpərvərliklə bağlı fikir və düşüncələrini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Müsabiqədə yalnız aşağıda adları qeyd olunan məcburi köçkün məktəblərinin 5-ci, 6-cı və 7-ci sinif şagirdləri iştirak edə bilər:

- Bakı şəhəri 286 saylı orta məktəbdə yerləşən 2 nömrəli Şuşa orta məktəbi

- Bakı şəhərində yerləşən 149 saylı Ağdam orta məktəbi

- Abşeron rayonunda yerləşən 117 saylı Kəlbəcər orta məktəbi

- Sumqayıt şəhərində yerləşən 5 saylı Cəbrayıl orta məktəbi

- Gəncə şəhərində yerləşən 5 saylı Kəlbəcər orta məktəbi

- Mingəçevir şəhərində yerləşən 52 saylı Ağdam orta məktəbi

- Füzuli rayonu Qayıdış qəsəbəsində yerləşən 4 nömrəli orta məktəb

- Füzuli rayonu 5 saylı Zobucuq qəsəbəsində yerləşən 52 nömrəli orta məktəb

- Beyləqan rayonunda yerləşən 4 saylı Xocavənd orta məktəbi

- Ağcabədi rayonu Alman qəsəbəsində yerləşən 1 saylı Xocavənd orta məktəbi

 

Müsabiqə üçün əsas tələblər:

- İnşalar yalnız müəyyən edilmiş 10 məcburi köçkün məktəbində təhsil alan 5-ci, 6-cı və 7-ci sinif şagirdləri tərəfindən hazırlanmalıdır;

- İnşalar məktəblilərin arzu etdiyi kağızda, əlyazma və ya çap formasında, aydın və səliqəli tərtib olunmuş qaydada, 2 səhifədən az olmamaq şərti ilə tərtib olunmalıdır;

- Müsabiqəyə təqdim olunan inşalar mövzu ilə əlaqədar müxtəlif ədəbiyyatlarda və qəzetlərdəki yazıları təkrar etməməlidir;

- İnşa müsabiqəsi üçün mövzular sərbəst seçilməlidir. Müsabiqənin dili:

Müsabiqəyə təqdim olunan inşalar azərbaycan dilində təqdim olmalıdır.

Müsabiqənin nəticələri:

Müsabiqənin nəticəsində hər sinif üzrə 1-ci yerləri tutmuş şagirdlərə video kamera, 2-ci yerlərə fotoaparat və 3-cü yeri tutmuş şagirdlərə qol saatı hədiyyə veriləcək. Bundan əlavə hər sinif üzrə həvəsləndirici 7 nominanta da diplom və hədiyyələr təqdim olunacaqdır. Mükafatlandırma mərasimi 26 noyabr 2010-cu ildə ANS Media və Yayım Şirkətində keçiriləcək. Regionlardan olan qaliblərin Bakı şəhərinə gəliş və gediş, eləcə də qalmaq xərcləri təmin ediləcək.

İnşaların təqdim olunması üçün son tarix və yer: Müsabiqəyə inşaların təqdim olunması üçün son tarix 01 noyabr 2010-cu il, saat 17:00-dur.

İnşalar Gənclər üçün Təhsil Mərkəzinin aşağıdakı poçt ünvanına göndərilməlidir: Ünvan: Bakı şəhəri, AZ 1141, Şəfayət Mehdiyev küçəsi 93, 9-cu mərtəbə (Torpaq Komitəsinin yanı).