Millət vəkili: "Avropa Şurasında meydanı ermənilərə buraxmaq olmaz"

14 Oktyabr 2017 12:37 (UTC+04:00)

Azərbaycan Avropa Şurasından çıxdıqdan sonra Avropa qurumları ilə böyük problemlər yaşamağı mümkündür. SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa deyib.

O bildirib ki, Avropa Şurası Assambleyasının Azərbaycana qarşı birbaşa qərəzli qətnamələr çıxardığını və Azərbaycanı öz təsiri altında saxlamaq istədiyini qeyd edib: “Avropa Şurası nə qədər bizim əleyhimizə olsa da, orada meydanı ermənilərə buraxmamaq naminə qalmağımız barədə düşünmək vacibdir. Çox güman ki, Azərbaycan rəhbərliyi Avropa Şurasından çıxmaq haqqında qərar verə bilər. Amma bu qərarın verilməsi hər halda düşünülməlidir. Hamıya məlumdur ki, Avropa Şurası ermənilər üçün vacib tribunaya çevrilib və orada müəyyən lobbiçilik fəaliyyətləri həyata keçirirlər. Amma özümüz orada olanda, ən azından müəyyən məsələlərin qarşısın ala bilirik.

Atılacaq addım çox düşünülməli, bütün aspektlər nəzərə alınmalıdır. Təbii ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı birbaşa qərəzli qətnamələr çıxarır və Azərbaycanı öz təsiri altında saxlamaq istəyir. Həm də Avropa Şurası istənilən məsələni Azərbaycana diqtə etmək istəyir. Bu da yolverilməzdir. Amma bütövlükdə Avropa ilə münasibətlərin bu formada heçə gətirilməsi də bizim ümumi gələcək strateji maraqlarımız baxımından ciddi düşünülməlidir. Yəni ki, bu məsələdə atacağımız addımın sonrakı nəticələrini indidən hesablamalıyıq”.